Naxçıvan Muxtar Respublikası Müstəqillik Yollarında

 

Naxcivan

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Hеydər Əliyеvin əziz xatirəsinə həsr etdiyi monoqrafiyası belə adlanır. Kitab giriş, dörd fəsildən və nəticədən ibarətdir. XX əsrin 80-cı illərinin sonlarında başlanan milli oyanış, demokratik hərəkat, erməni təcavüzü, ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışı, demokratik dəyişikliklər, Heydər Əliyevin Naxçıvan Muxtar Respublıkası Ali Məclisinin Sədri seçilməsi, Naxçıvanın müdafiənin təşkili, blokadadan çıxarılması istiqamətində həyata keçirilən tədbirlər, eləcə də müstəqilliyin möhkəmləndirilməsi sahəsində əldə olunan uğurlar mövzunun başlıca məzmununu təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə “Elm və təhsil” nəşriyyatında yüksək poliqrafik səviyyədə nəşr edilən monoqrafiyada muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi inkişafı arxiv sənədlər, dövrü mətbuat materialları və mövcud elmi ədəbiyyatlar əsasında şərh olunur.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirmi beş illik yubileyi ərəfəsində geniş oxucu kütləsinə təqdim olunan 360 səhifəlik kitabda XX əsrin 80-ci illərinin sonlarında Naxçıvan Muxtar Respublıkasının çətin və mürəkkəb vəziyyəti, muxtar respublikada başlanan milli-demokratik hərəkatı, məkirli ermənilərin ərazi iddiaları və silahlı müdaxilələri, habelə baş verən ictimai-siyasi proseslər xronoloji ardıcıllıqla  ümumiləşdirilmişdir. Qeyd edək ki, böyük dövlət xadimi Heydər Əliyevin Naxçıvanda siyasi fəaliyyət göstərdiyi 1991-1993-cü illər geniş bir şəkildə sözügedən əsərdə tədqiqata cəlb edilmiş, o dövrdə Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanın üzləşdiyi çətinliklər, baş verən proseslər, habelə həmin illərdə qəbul edilmiş qərarların tarixi əhəmiyyəti işıqlandırılmış, muxtar respublikanın 1993-cü ildən sonrakı inkişaf dövrü əhatəli bir şəkildə təhlil edilmişdir. Akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikası Müstəqillik Yollarında” adlı monoqrafiyası inanırıq ki, tədqiqatçıların, bütövlükdə oxucuların dərin marağına səbəb olub stolüstü kitabına çeviriləcək.

 

AMEA Naxçıvan Bölməsinin, İnformasiya şöbəsinin əməkdaşı