“Naxçıvan müstəqillik illərində: hədəflər, inkişaf, nəticələr” adlı elmi konfransın materialları ayrıca kitab kimi nəşr olunub

Image (1)

Ötən il dekabr ayının 3-4-də Naxçıvanda “Naxçıvan müstəqillik illərində: hədəflər, inkişaf, nəticələr” mövzusunda keçirilən elmi konfransın materialları AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə ayrıca kitab kimi “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxıb.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan kitabda AMEA Naxçıvan Bölməsi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və digər müəssisə əməkdaşları tərəfindən müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən yeniliklər, habelə əldə olunan nailiyyətlər təhlil olunaraq işıqlandırılmışdır.

Konfrans materialları yeni nəşrin “Mündəricat”, “İqtisadiyyat”, “Tarix”, “Mədəniyyət”, “Təbiət, təbiəti mühafizə və ekologiya” bölmələrində dərc olunub.

384 səhifəlik kitabda “Naxçıvan Muxtar Respublikasında elmin inkişafı”, “Naxçıvan Muxtar Respublikasında mədəniyyətin inkişafı”, “Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf və sosial perspektivlər(1995-2015)”, “Milli dəyərlərimiz yeni inkişaf mərhələsində”, “Müstəqillik illərində Naxçıvanda arxeoloji tədqiqatlar”, “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi və mədəni həyatında qadınların iştirakı”, “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlərin qorunması və bərpası”, “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında təbiəti mühafizəyə dövlət qayğısı” və bu kimi 40-dan artıq oxunaqlı məqalələr geniş oxucu kütləsinə təqdim olunub.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi