“Naxçıvan Folklor mətnlərində yaşayan tarix”

AMEA Naxçıvan Bölməsinin müxtəlif profilli institutlarında aparılan elmi-tədqiqat işlərində Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın tarixi, ədəbiyyatı, folkloru və digər elmi sahələri əhatəli şəkildə tədqiq olunur, öyrənilir.
Bu baxımdan İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Hüseynzadənin işıq üzü görmüş monoqrafiyası diqqəti cəlb edir. “Naxçıvan Folklor mətnlərində yaşayan tarix” adlanan yeni tədqiqat əsərində Naxçıvan folkloru öz zənginliyi, qədimliyi, xüsusilə semantik anlamı ilə öz əksini tapıb.
Gənc tədqiqatçı monoqrafiyanın nəşrində məqsədinin Azərbaycan folklorunun tərkib hissəsi olan Naxçıvan folklor mətinlərində adların, xüsusi əhəmiyyətli sözlərin genezisinin, mənasını ətraflı araşdırmaq, folklorşünaslıq üçün vacib və əhəmiyyətli sahəni təbliğ etmək olduğunu qeyd edir. Müəllif yeni nəşrdə bu qədim diyarın folklorunu öyrənmək və araşdırmaq nəinki folklorşünaslığımızın zənginləşməsinə bir töhfə verdiyini, həmçinin böyük ictimai, siyasi əhəmiyyət kəsb edən bir məsələ olduğunu göstərir.
Monoqrafiyada folklor mətnlərinin semantik şərhi ilə yanaşı, buradakı xüsusi əhəmiyyət kəsb edən adların mənaları da araşdırılıb. Qeyd edək ki, araşdırmalar əsasən üç istiqamətdə aparılıb. Tədqiqat əsərində Naxçıvan folklor mətnlərində hazırkı dövrdə işlənən və xüsusi əhəmiyyət kəsb edən adlar, müəyyən tarixi dövr kəsiyində Naxçıvan folklorunda müəyyən sözün və ya müəyyən adın ilkin tarixi əhəmiyyəti, eyni zamanda folklor mətnlərində xüsusi əhəmiyyət kəsb edən adın və ya folklor nümunəsinin bütövlükdə şərhi və təhlili verilib.
Yeni nəşr Naxçıvan Muxtar Respublikasının Folklor nümunələrində yaşayan tariximizi daha dərindən öyrənmək istəyənlər üçün qiymətli mənbədir.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi