AMEA Naxçıvan Bölməsində yeni nəşr olunan monoqrafiyaların təqdimatı keçirilib

IMG_5465IMG_5523
AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Məhəmməd ağa Şahtaxtlının publisistikası” monoqrafiyasının və Bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun “Maarif fədaisi:Həsən bəy Qazıyev” adlı kitabının təqdimatı olub.
Tədbiri Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Azərbaycan elmində, təhsilində, dövlət quruculuğunda, diplomatik işdə, mətbuat tarixində çox böyük xidmətləri olmuş Şahtaxtinisklərin ayrı-ayrı nümayəndələri haqqında araşdırmaların aparıldığını, onların çətin, lakin şərəfli həyatları arxivlərdən, şəxsi adamlardan toplanılan materiallar əsasında öyrənildiyini, kitablar, monoqrafiyalar, məqalələr yazılaraq geniş ictimaiyyətə təqdim edildiyini bildirib. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 27 fevral 2006-cı il tarixində “Məhəmməd ağa Şahtaxtının anadan olmasının 160 illiyinin qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi haqqında” Sərəncamı təkcə böyük naşir, publisistik Məhəmməd ağa Şahtaxtılının deyil, bütün Şahtaxtinskilər nəslinin öyrənilməsi sahəsində böyük mədəni-ictimai hadisə idi. Sərəncamdan irəli gələn vəzifə kimi, Naxçıvan şəhərindəki Kitab evinə görkəmli maarifçi-publisist Məhəmməd ağa Şahtaxtılının adı verildi, xatirəsi əbədiləşdirildi. Vurğulandı ki, Əbülfəz Quliyevin monoqrafiyası da bu sərəncamın icrası istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biridi. Akademik Bölmənin Rəyasət Heyətinin qərarı ilə nəşr olunan “Maarif fədaisi: Həsən bəy Qazıyev” adlı yeni tədqiqat əsərinin elmi dəyərindən bəhs edərək bildirib ki, kitab Azərbaycan Respublikasının əməkdar müəllimi Həsən bəy Qazıyevin İrəvan quberniyası və Naxçıvandakı pedaqoji fəaliyyətini işıqlandırır. Müəllif tərəfindən Həsən bəy Qazıyevin bir maarif xadimi kimi xidmətləri aşkara çıxarılır, araşdırılır və dəyərləndirilir.
Təqdimat mərasimində AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Məhəmməd ağa Şahtaxtlının publisistikası haqqında mükəmməl tədqiqat əsəri” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin nəşr etdirdiyi monoqrafiyada görkəmli naşir və ictimai xadim Məhəmməd ağa Şahtaxtlının həyatı, yaradıcılıq yolu və publisistikası tədqiq və təhlil olunub. Monoqrafiyada böyük mütəfəkkirin publisistik yaradıcılığı əsasən iki dövrə ayrılıb, daha çox onun I Dünya Müharibəsinə qədərki dövrdə qələmə aldığı publisistik əsərləri tədqiqata cəlb edilib.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Musa Quliyev “Görkəmli pedaqoq Həsən bəy Qazıyev haqqında ilk tədqiqat əsəri” mövzusunda məruzə edib. Qeyd olunub ki, kitabda Həsən bəy Qazıyevin mühiti və təhsil illəri, İrəvan quberniyasındakı fəaliyyəti, onun pedaqoji fəaliyyətinin Naxçıvan mərhələsi, həyat və fəaliyyətinin əsas tarixləri əhatəliyi ilə verilir. Eyni zamanda yeni nəşrdə Həsən bəy Qazıyevlə bağlı bəzi fraqmentlər və fotoşəkillər də əks olunub.
Mərasimdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova, Naxçıvan Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev mövzu ətrafında çıxış ediblər.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi