XALQA İNAM VƏ BÜTÖVLÜK NÜMUNƏSİ

“Ay işığında” adlı ilk şeirlər kitabı 1998-ci ildə işıq üzü görən sadə, lakin mənalı, vətənpərvər, səmimi yaradıcılığı ilə diqqəti cəlb edən şair Xanəli Kərimli 1951-ci ilin 27 noyabrında Şahbuz rayonunun Mahmudoba kəndində anadan olmuşdur. Bu il vətənpərvər, humanist şairin anadan olmasınından 65 il ötür.
Xanəli Kərimli 1968-ci ildə Cəlil Məmmədquluzadə adına Şahbuz qəsəbə orta məktəbini, 1973-cü ildə indiki Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Şeirləri Azərbaycan hüdudlarından kənarlarda – İran, Türkiyə mətbuatında da işıq üzü görmüşdür. “Anamdan məktub” (2001), “Bu da bir nağıldı” (2004), “Mənə elə gəlir ki…” (2008), “Mənim könlüm bir ümmandır” (İran, 2011) və “Payız duyğuları” (2013) şeir kitablarının müəllifidir. Haqqında “Şairə məktub” (2007), “Xanəli Kərimli: sözün Əlincə qalası” (2011), “Xanəli Kərimli: bir ömrün işığı” (2016) adlı məqalələr topluları, Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə doktoru Sabir Bəşirovun “Xanəli Kərimli: bir ömrün nağılı” (2011) kitabı nəşr olunmuşdur. Filologiya üzrə fəlsəfə doktoru, dosentdir. İlk qələm təcrübəsi “Toğluqayanın Məmməd Araza məktubu” adlı şeir olsa da, ilk mətbu əsəri 1983-cü ildə “Azərbaycan” jurnalında dərc olunmuş “Anamla söhbət” adlı şeirdir.
Vətən, xalq, torpaq sevgisi, müstəqil dövlətimizin rəmzlərinə hörmət, xalqımızın azadlıq uğrunda qəhrəmanlıqlarla dolu mübarizəsi, doğma vətənin tərənnümü, ulu öndərə böyük məhəbbət Xanəli Kərimli yaradıcılığının əsas ana xəttini təşkil edir.1990-cı illərdə – yenicə müstəqillik qazandığımız illərdə bütün Azərbaycan ədəbiyyatında ön plana keçmiş 20 Yanvar – Qanlı yanvar faciəsi, Xocalı faciəsi, şəhidlik, azadlıq mübarizəsi mövzuları xalqının kədərinə şərik olan vətənpərvər şairin “Xalqım”, “Azərbaycan”, “Şəhidlər xiyabanında”, “Bu qan yerdə qalan deyil”, “Soyuqdur”, “Biganəlik” şeirləri, “Ağrı”, “Bütövlük”, “İnam”, “Təbil” poemalarında bədii təcəssümünü tapmışdır.
Şairin qənaətincə, əlinə qələm alan hər bir yazı-pozu adamı yaxşı şair, yaxşı yazıçı ola bilməsə də, yaxşı vətəndaş olmağa borcludur. Bu mənada qətiyyətlə demək olar ki, Xanəli Kərimli şairliyi onun yaxşı vətəndaş olmağının bir göstəricisi və ya nəticəsi olaraq düşünülməlidir. O, yaxşı şair olmaqdan öncə yaxşı insandır, Vətənə layiqli vətəndaşdır.Vətənin sevincinə də, kədərinə də şərik çıxdığı üçün, xalqı ilə birgə döyünən ürəyə malik olduğu üçün, ürəyinə yalnızca Vətən yerləşdirdiyi üçün, öz zəmanəsinə mənsub olan bir sənətkar olduğu üçün!
“Naxçıvanım mənim”, “Şahbuzum”, “Qalırmı?”, “Qoşa bulaq” və s. şeirlərdə doğma diyara olan sonsuz məhəbbət, onun təbii gözəllikləri, keçmişi, tarixi, müqəddəs ocaqdan ayrılmağın kədəri ifadə olunmuşdur. Vətən Xanəli Kərimli üçün qürur, iftixar mənbəyidir, şan-şöhrətdir, ürəyinin şah damarında axan qandır, halallıqdır, paklıqdır, müqəddəslikdir, şairin ruhudur, cismidir, özüdür, onun aylı gecəsi, günəşli gündüzüdür, azadlıq bayraqdarıdır. Vətən şair üçün o qədər dəyərli, ülvidir ki, onu başındakı qızıl tacı hesab edir:
Ucalığım – tacım mənim,
Hər an ehtiyacım mənim.
Dar günüm, ağır çağımda,
Əlacım, illacım mənim!
Nur çilədin qoca Şərqə,
Tarix boyu öz zəkanla.
Diz çökdürdün düşmənini,
Pozulmaz bir ehtişamla.

Bu dünya bir cənnətdirsə,
O cənnətin qapısı sən!
Varım, yoxum – nəyim varsa,
Cümləsi sən, hamısı sən!
Yaşa xoşbəxt anım mənim –
Əbədi ünvanım mənim –
Doğma Naxçıvanım mənim!
Xanəli Kərimlinin “Nə mutluyam”, “İstanbulda düşüncələr”, “Türkə ağı demək olmaz”, “Van gölü” və s. şeirlərində bir millət, iki dövlətdə yaşayan Azərbaycan türkləri ilə Türkiyə türklərinin birliyindən, qardaşlığından, şanlı tarixindən və bu günündən bəhs edilmişdir:
Başı dağ çalmalı dağlar qoynunda,
Çırpınan, nazlanan, yatan Van gölü.
Sən türkün əbədi qan yaddaşısan,
Dünəni bu günə çatan Van gölü.

…Van gölü, əlvida demirəm sənə,
Sən mənim duzumda, çörəyimdəsən.
İllər dolansa da, ömür keçsə də,
Sən elə əbədi ürəyimdəsən.
1997-ci ildə qələmə alınmış “Azərbaycan bayrağı” şeirində müstəqil dövlətimizin rəmzlərindən biri olan qürur mənbəyimiz, azadlığımızı bütün dünyaya bəyan edən üçrəngli bayrağımız tərənnüm olunmuşdur. Şair üçün başının üstündə müqəddəs iki varlıq vardır, bunlardan birincisi ulu yaradan, digəri isə bir kərə yüksəldisə, bir daha enməyən üçrəngli bayrağımızdır:
Bayrağımın rəngində,
Yerin, göyün rəngi var.
Yurdumun azadlığı,
Pozulmaz ahəngi var.

O mənim yad ellərdə,
Danışan saf dilimdi.
Vüqarım, ləyaqətim,
Vətənimdi, elimdi.
Qeyd etdiyimiz və edə bilmədiyimiz bu misralar təsəvvürümüzdə son dərəcə Vətəninə, millətinə, dövlətinə bağlı, həssas, humanist, mənəvi cəhətdən saf, halal, sadə, səmimi, yaradıcılığı ilə şəxsiyyyəti bir-birini tamamlayan bir şair canlanır. Məhz bu cəhətlərinə görə, akademik İsa Həbibbəyli Xanəli Kərimli yaradıcılığını yüksək qiymətləndirərək yazmışdır: “Xanəli Kərimlinin yaradıcılığında həssaslıq və vətəndaşlıq mövqeyi ön sırada dayanır. Həyata, insanlara həssas münasibətlər Xanəli Kərimlinin şeirlərinə dərin lirizm gətirir”. “Ağrıdan ucada dayanan şair”ə Azərbaycanımızın bütün dərdlərinin bitməsi nəticəsində yaranan qəlb rahatlığı, könül xoşluğu və yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayaq! 65 yaşınız mübarək olsun, Şairimiz!!!
Aygün Orucova, filologiya üzrə fəlsəfə doktoru
AMEA Naxçıvan Bölməsi