Faktın sübuta ehtiyacı yoxdur E r m ə n i T a r i x ç i s i : Ermənilərin keçmişi haqqında tarix sayıla biləcək məlumatlar yoxdur

Öz tarixini müəyyənləşdirə bilməyib saxta bir tarix formalaşdıran ermənilər qədim tarixə sahib olan Azərbaycana və onun ayrılmaz parçası Naxçıvana qarşı ərazi iddiaları ilə bu gün də çıxış etməkdədirlər. Azərbaycan torpaqları hesabına Ermənistan dövləti yaradan, həmin ərazilərdə azərbaycanlılara məxsus bütün izləri yox edən, türk adı ilə bağlı olan yer adlarının dəyişdirən ermənilər Naxçıvana da əl uzadır. Hərdən bir yalan uydurur, saxta tarixlərini qanuniləşdirmək üçün tez-tez maddi və mənəvi mədəniyyətimizlə bağlı məkirli, bədnam niyyətlərini gündəmə gətirirlər. Saxtakar erməni “alimləri” planlı bir şəkildə nəşr etdirdikləri xərtələrdə, kitablarda Naxçıvanı Ermənistan ərazi kimi göstərirlər. Erməni dilində olan saytlarda da bu cür uydurmalı yazılar, xəbərlər yerləşdirirlər.
Bir millətin milli vаrlığını sübut еdəcək əsаs şərtlərindən biri оnun qədim tаriхidir. Ancaq bu günə kimi erməni tаriхi, ermənilərin nə zamandan mövcud olmaları nəinki bizlərə hətta ermənilərin özlərinə belə bəlli deyil. Təkcə aşağıdakı faktlar ermənilərin “zəngin tarixini” öyrənməyimizə kifayət edir.
Məşhur erməni alimi Raffi (Akop Məlik Akopyan) “Samvel” adlı əsərində yazır: “…Bizim tariximizdə xalq tamamilə unudulmuşdur. Biz erməni kəndlisinin necə yaşadığını, öz ağaları ilə hansı münasibətdə olduğunu, nə yeyib, nə içdiyini, nə cür libaslar geyindiyini, necə sevindiyini bilmirik. Erməni sənətkarlarının hansı işlərlə məşğul olduqlarını, erməni tacirlərinin hansı ölkələrlə ticari əlaqələr qurduqlarını bilmirik. Bizim tariximiz bütün bunlar barədə susur… Bizim tariximizdə hətta xalqımızın ən əzəmətli qüvvəsi olan qadınlarımız haqqında da heç bir məlumat yoxdur… Bizim tariximizin quruca salnaməsi tədqiqatçıya çox az məlumat verir…”. Erməni alimi Manuk Abeqyan bu fikri daha da inkişaf etdirərək ermənilərin keçmişi haqqında məlumat verir və özlərinin Qafqaza gəlmə olduqlarını yazır: “Erməni xalqının mənşəyi nədir, onlar necə və nə vaxt, haradan və hansı yollarla bu yerlərə gəlmişlər, erməni olmamışdan əvvəl və sonra hansı tayfalarla əlaqədar olmuşlar, onların dilinə və etnik tərkibinə kim necə təsir göstərib? Bizim əlimizdə bu məsələləri təsdiq edən mötəbər və dəqiq dəlillər yoxdur”. Ermənilərin keçmişi ilə maraqlanan tarixçi Qaraqaşyan isə yazır ki, “ermənilərin keçmişi haqqında tarix və ya səlnamə sayıla biləcək məlumatlar yoxdur”.
Bu tarixi faktların saylarını istənilən qədər genişləndirmək olar. Bizcə bu qədər fakt yetər ki, ermənilərin kim olduqlarını bilək. Bu tarixi faktları da biz azərbaycanlılar yox, başqa bir ölkənin nümayəndəsi yox, məhz ermənilərin özləri 1905, 1975-ci illərdə yazdıqları əsərlərdə genişliyi ilə qeyd ediblər.
Qaynaqlarda göstərilir ki, çirkin bir siyasətlə Naxçıvana köçürülən ermənilər zaman-zaman gizli, və ya aşkar şəkildə burada həm insanlara, həm də yer adlarına qarşı soyqrım törədiblər. 1904-cü il V.Veliçko köçün tarixi haqqında yazır: “Bütün qafqazlılar bilirlər ki, ermənilər Türkiyədən qaçaraq XIX əsrdə Qafqazda peyda olublar və olmayan tarixə sahiblənməyə çalışırlar”.
Tarixə nəzər saldıqda görürük ki, rusların əli ilə torpaqlarımıza erməni köçü 1828-ci ildən başlayır. 1830-1835-ci illərdə 310 kəndin azərbaycanlı əhalisi qovululur və 9 min kv. km. torpaq sahəsi “erməni vilayətinə” çevrilir. 1849-cu ildə Çar I Nikolayın 9 iyun tarixli fərmanı ilə zorla “İrəvan quberniyası”, 1918-1920-ci illər Azərbaycanın Zəngəzur, Göyçə, Uluxanlı, Dərələyəz, Vedibasar və digər mahalların 20 min kv. km. torpağı Batum müqaviləsi ilə zorla uydurma “Ermənistan respublikasına” hədiyyə edilir.
Tədqiqatçı alim Firudin Rzayev qeyd edir ki, “1930-37-ci illərdə Naxçıvanda kütləvi həbslər aparılıb, əsas idarələrə ermənilər yerləşdirilib və yer adlarımız dəyişdirilib”. O, bildirir ki, “arxiv sənədlərində heç bir sərəncam və fərman olmadığı halda, 1937-ci il Naxçıvan MİK-nin I çağırış IV sessiyasında 36 kəndin adı dəyişdirilib. Manandyan, Yeremyan, Parsamyan kimi “alimlərin” özləri 1828-ci ildən İrəvan xanlığında Mehri, Dərələyəz, Kafan, Vedi, Sürməli, Abaran və digər torpaqlarımıza 40-50 min, Naxçıvan xanlığına isə, 44571 nəfər erməni köçürüldüyünü yazırlar”.
Buradan da aydın görünür ki, zorla boşaldılmış ərazilərə ermənilər köçürüləndən sonra türk dilli yer adlarımız, ulu maddi və mənəvi dəyərlərimiz-dil və etnogenez tariximizi yaşadan adlar sistemi və qədim mədəniyyət abidələrimiz bu proseslərdə dağıdılıb, antik əşyalar talan edilib, əski yazılar “erməniləşdirilməklə” bütün coğrafi adlar dəyişdirilib. Akademik Yaqub Mahmudovun tərtibatı ilə çıxan “Adlara qarşı soyqırım” kitabı bu prosesə tam aydınlıq gətirir. Buradakı arxiv sənədlər 700-dən artıq kənd adının dəyişdirildiyini təsdiq edir.
Təəssüflə qeyd edək ki, 1928-1930, 1940-1950-ci illərdə bu zorakı tarixi prosesin qarşısı alınmayıb. “Böyük Ermənistan” xülyalı ilə uydurma kitablar yazılıb, xəritələr tərtib edilib ki, bu cür uydurulmuş yazılar da Rusiya, Amerika və Avropa ölkələrində dərc olunub. XX əsrin sonu bu yazılara istinadən yerli əhaliyə qarşı vandalizm, talanlar, soyqırım törədilərək əhali öz torpaqlardan zorla qovulub.
“Bu tarixi köçürmələrdə düşünülmüş bir siyasət yürüdülürdü”-deyən tədqiqatçı alim F. Rzayev qeyd edir ki, “köç üçün əsasən tarixi abidə, tarixi adlar və əlverişli şəraiti olan ərazilər nəzərdə tutulmuşdur. 1867-1897-ci ildə mövcud olan 8 rayona bütövlükdə 44571 nəfər erməni köçürülmüşdür ki, o dövrün tarixi prosesində bu ərazilərin 5 min illik mədəniyyəti və tarixi tamamilə dağıdılmış, talan edilmişdir. Nəticədə məbədlər dağıdılır, atributlar oğurlanır, torpaqlar tarixsizləşdirilir, yazılar, adlar dəyişdirilir və gələcəkdə bizim “gəlmə xalq” olmağımızın təməli qoyulurdu”.
Bu cür tarixi faktlardan da aydın görünür ki, ermənilərin Naxçıvanı ələ keçirmək planları çox qədim tarixə malikdir. Ermənilər nəyinki burada yer adlarına, hətta tarixi-memarlıq abidələrimizə də əl uzatmış, Azərbaycan türklərinə məxsus olan nə varsa ciddi surətdə dağıdaraq, yox etməyə çalışmışlar. Hətta müsəlman-türk qəbiristanlıqlarından da vaxtı ilə ermənilər müxtəlif növ daşlardan hazırlanmış qoç və qoyun fiqurlarımızı oğurlamışlar. Abidələrimizin üstündə olan kitabələr və xalqımıza məxsus təsvirlər yonularaq məhf edilmiş, yerinə erməni kitabələri, təsvirləri həkk etdilərək erməni mədəniyyəti nümunəsi kimi göstərilmişdir. İki Sahil qəzetinin bu günlərdəki sayında Elxan Salahovun Qarabağda talan var… Və ya dünyanın gözü qarşısında tarixi abidələrimizi məhv edən ermənilər Azərbaycana qarşı “arxeoloji cəbhə” açıb, başlıqlı yazıda bir daha erməni terorlarının tarixi abidələrimizdə “arxeoloji qazıntılar”ın aparılmasından danışılır. Maddi-mədəniyyət nümunələrimizin yox edilib yerində erməni xaçları və yazılarının həkk etməsindən bəhs olunur. Təəssüflər olsun ki, bu gün də ermənilər öz çirkin, bədnam niyyətlərindən əl çəkmir.
Uzun illər xristian dünyası hər şeyi ermənilərin istədiyi kimi həll etməyə çalışıb, nəticədə isə bizlər, Azərbaycan xalqı çox haqsızlıqlara, soyqırımlara məruz qalmışıq. Tarixdən hər kəsə məlumdur ki, Azərbaycan xalqı XX əsrdə 4 dəfə-1905-1907, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə ermənilər tərəfindən törədilən vəhşiliklərə, etnik təmizləmələrə, soyqırımlara məruz qalıb. Zaman-zaman hiylə, məkr, xəyanət, terror vastələri ilə silahlanmış erməni cəlladlarının hərbi əməliyyatları nəticəsində şəhərlər, kəndlər, ictimai binalar, məktəblər, mədəniyyət sarayları, klublar, tibb məntəqələri, o cümlədən xəstəxanalar, körpülər, avtomobil yolları, elektirik xətləri dağıdılıb. Azərbaycanlılar uşaqdan böyüyə qədər amansızcasına qətlə yetirilib.
Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanın tarixi əhəmiyyəti, regionumuzun təbii zənginlikləri bu gün də ermənilərin uydurma planlarını gündəmə gətirir. Naxçıvana qarşı böhtançı iddialarını irəli sürür, bütün dünyanı da buna inandırabiləcəklərini sanaraq var gücləri ilə hay-küy salırlar. Milli mənəvi dəyərlərimizə sahib çıxmağa cəhd göstərən düşmənlərimiz xalq nağıllarımıza, mahnılarımıza, hətta milli mətbəximizə də göz dikir. Çəkinmədən, arsızcasına erməni mədəniyyəti kimi göstərir.
Hələ də əllərində heç bir tarixi faktı оlmayanlar ermənilər bu günlərdə internet saytlarında Nuh peyğəmbər məsələsini yenidən gündəmə gətirib, Naxçıvana qarşı müəyyən iddialar irəli sürürlər. Heç yerdə yazılmamış tarix uydururlar. Guya Nuh ulu babalarıdır. Lakin tarixi faktlar onların əleyhinədir. Nuh peyğəmbər, Dünya Tufanı ilə bağlı məlumatların ən geniş yayıldığı yer Naxçıvandı. Nuh peyğəmbərin məzarının Naxçıvanda olması buranın bəşəriyyətin Tufandan sonrakı ilkin mədəniyyət mərkəzi olduğunu təsdiq edir.
Artıq elmə zəngin faktlarla sübut olunub ki, Naxçıvan torpağı dünyanın ilkin yaşayış məskənlərindən biridir. Alimlər sübut etdi ki, ərazidə elə arxeoloji abidələr var ki, onun dünyada tayı-bərabəri yoxdu.
Naxçıvanın zəngin tarixi xarici alimlərin də diqqətini çəkmiş, onlar da bölgədə həyata keçirilən tədqiqat işlərində yaxından iştirak etmişlər. Bunlardan ABŞ-ın Corciya və Pensilvaniya Universitetinin, Emоri, Utah Universitetlərinin, Fransanın Milli Elmi Araşdırma Mərkəzinin, Türkiyə və digər xarici ölkələri göstərə bilərik. Xarici ölkənin mütəxəssisləri də həmyerlilərimizlə birgə 2006-2016-cı illərdə bölgəmizin müхtəlif ərаzilərində, о cümlədən Оğlаnqаlа (e.ə II-I minillik), Qızqala, Оvçulаrtəpəsi (e.ə V-III minillik), Ərəbyengicə (e.ə IV-III mınillik), Şahtaxtı (e.ə II-I minillik), Maxta Kültəpəsi (e.ə IV-I minillik), Duzdağ (e.ə VI-II minillik), Dəmyələr (e.ə I minillik) kimi qədim yаşаyış yerlərində аrхeоlоji qаzıntılаrda yaxından iştirak ediblər. Naxçıvan tarixinin müxtəlif dövrlərinə aid onlarla arxeoloji abidələr öyrənilib və çox dəyərli məlumatlar əldə edilib. Ərazidən aşkar olunan və regiоnumuzun cаnlı tаriхini özündə yаşаdan maddi-mədəniyyət nümunələrimiz ulu keçmişimizdən, mədəniyyət tariximizdən, soy kökümüzdən, kimliyimizdən, ulu əcdadlarımızın həyat və dolanışıq tərzindən, istifadə etdikləri alətlərdən soraq verir, qədim Azərbaycan türklərinin tarixindən danışır.
Naxçıvanda son illərdə tariximizin hərtərəfli öyrənilməsinin ən əsas mənbəyi olan qədim arxeoloji abidələrimizdə aparılan tədqiqdtların nəticələri www.qedim nakhchivan.az, www.nakhchivan.az, eyni zamanda ABŞ-ın Pensilvaniya Universitetinin əməkdaşları tərəfindən yaradılan www.Oğlanqala.net veb internet saytlarında dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Yaradılan saytlarda da tarixi abidələrimizin yerləşdiyi yer, aparılan tədqiqatlarla bağlı fotoşəkillər, qədim insanların yaşayışını əks etdirən maddi-mədəniyyət nümunələri 3 dildə (Azərbaycan, rus, ingilis) nümayiş etdirilir.
Naxçıvan bölgəsində xarici və yerli alimlər tərəfindən aparılan tədqiqatların elmi nəticələri də bu qədim mədəniyyətin məhz Azərbaycan türklərinə məxsusluğunu sübut edir. Yəni erməni iddialarının heç bir tarixi, elmi əsası yoxdur. Naxçıvanda bu günə kimi heç bir yad mənşəli tоpоnimə, yazı və abidəyə rast gəlinməyib. Bunu həm arxeoloji, antropoloji faktlar, həm də etnoqrafik və folklor materialları təsdiq edir. Naxçıvan qədim Azərbaycan torpağıdır. Bu diyardakı bütün abidələr bunu sübut edir. Bu isə ermənilərin uydurma Naxçıvan iddialarını elmi cəhətdən təkzib edir. Azərbaycanın ən qədim abidələrindən biri olan Gəmiqaya abidəsinin tarixi və orada aparılan elmi-tədqiqat işləri ilə bağlı çoxlu sayda materiallar Nuh peyğəmbər, Dünya Tufanı, Gəmiqaya abidələri, Naxçıvanda qədim yaşayış yerlərimiz və digər məsələlər ermənilərin Naxçıvanla əlaqəli fikirlərinin elmi cəhətdən əsassız olduğunu üzə çıxarmaqla türk mədəniyyətinə sahib çıxmaq istədiklərinin boş xəyal olduğunu aydın şəkildə ortaya qoyur. Tarixdə olmayan bir dövləti uydurub, yaratmaq istəyən yalançı ermənilərə ziyalılarımız Naxçıvanın gerçək tarixini əks etdirən sanballı nəşrləri ilə qarşılıq verir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin tövsiyəsi, diqqət və qayğısı ilə “Naxçıvan Ensiklоpediyası” (II cild), “Naxçıvan tarixi abidələri”, (Azərbaycan, ingilis) “Naxçıvan abidələri ensiklоpediyası” (Azərbaycan, ingilis), “Naxçıvan Tarixi” çoxcildliyinin (III cildi) “Naxçıvanın tarixi atlası”, “Naxçıvan folkloru antologiyası”, (III cild) Naxçıvan Muxtar Respublikasının florasına və faunasına aid “Qırmızı Kitablar” “Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvan arxeologiyası”, “Naxçıvanın epiqrafiq abidələri”, “Qədim Şərur”, “Qədim Ordubad”, “Naxçıvanın milli mətbəxi” və digər çoxsaylı fundamental əsərlər yazılıb ortaya qoyulub. Bu elmi əsərlərdə Naxçıvanın qədim tarixi, tarixi mədəniyyət abidələri, folkloru, həmçinin florası, faunası ilə bağlı kifayət qədər əhatəli məlumatlar toplanılıb.
Bəli, ermənilərdən fərqli olaraq alimlərimiz Naxçıvanın qədim və zəngin tarixini olduğu kimi əks etdirilən kitablar, elmi əsərlər yazır. Yazılan hər hansı bir nəşrdə də bütün erməni uydurmalarına elmi əsaslarla cavab verilir. Birdə ki, Faktın sübuta ehtiyacı yoxdur. Həqiqətin bir üzü olur.
Türkanə Bəylərli
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin əməkdaşı