“Naxçıvan Muxtar Respublikasının sututarlarının və çaylarının göy-yaşıl yosunları”-na həsr olunan monoqrafiya işıq üzü görüb

Monoqr CİLD
Naxçıvan Muxtar Respublikasında ali bitkilərdən fərqli olaraq, yosunların, xüsusilə də şirinsu yosunlarının florası və taksonomik sturukturuna son illərə qədər demək olar ki, ciddi diqqət yetirilməyib. Lakin bu gün yosunların növ zənginliyinin analizi, su ekosisteminin inkişaf istiqaməti və su obyektlərinin ekoloji vəziyyətlərinin qiymətləndirilməsində müxtəlif ekoloji qrup yosunların inkişaf xüsusiyyətlərinin tədqiq olunması vacib məsələlərdən biridir. Belə ki, göy-yaşıl yosunların növ tərkibi, yayılması, onun intensivliyinin öyrənilməsinin əsasında sututarların çirklənmə dərəcəsinin təyini, ən əsası mühitin qorunması üçün qarşılayıcı tədbirlərin görülməsində mühüm əhəmiyyəti vardır.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun “Bitki sistematikası” şöbəsinin elmi işçisi Seyfəli Qəhrəmanovun müxtəlif tip sututarlarda göy-yaşıl və yaşıl yosunlarının növ müxtəlifliyindən, yayılmasından, çoxalmasından, ekoloji-coğrafi xarakteristikasından, onların biomorfologiyası və bioekologiyasından bəhs edən “Naxçıvan Muxtar Respublikasının sututarlarının və çaylarının göy-yaşıl yosunları” adlı monoqrafiyası işıq üzü görüb.
Monoqrafiyada Naxçıvan Muxtar Respublikasının sututarlarında yayılan göy-yaşıl yosunların növ müxtəliflikləri araşdırılıb, sututarların tipindən, eyni zamanda mövsümlərdən asılı olaraq yayılması tədqiq edilib, ekokoji-coğrafi, fiziki-coğrafi şəraiti göstərilib, növ tərkibi və sistematik strukturu təhlil olunub, yosun taksonlarının sistematikası hazırlanıb, sututarların tipindən və hündürlük qurşaqlarına görə yayılma qanunauyğunluqları, inkişaf dinamikası aparılan tədqiqatlarda elmi əsaslarla öyrənilib.
Yeni nəşrdə müəllif tərəfindən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının bəzi sututarlarında yayılmış göy-yaşıl yosunlarının növ müxtəlifliyi, habelə onların taksonomik spektri tədqiq və tərtib edilib. Kitabda göy-yaşıl yosunların adları ilk dəfə olaraq latın dili ilə yanaşı, Azərbaycan dilində də göstərilib.
Qeyd edək ki, monoqrafiyadakı məlumatlar, 2003-2014-cü illərdə region ərazisində olan müxtəlif tip sututarlardan, o cümlədən Naxçıvançay, Gilançay, Arpaçay, Əlincəçay, Gənzəçay, Kotamçay, Qaradərəçaydan və onların qollarından, Heydər Əliyev, Uzunoba, Sirab və Naxçıvan su anbarlarından, Qanlıgöl, Batabat göllərindən və digərlərindən toplanılmış 500-ə qədər nümunələrin üzərində aparılan tədqiqatlardan alınıb.
Sututarların çirklənməsinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin yerinə yetirilməsi məqsədi ilə “Əməli təklif və tövsiyələr” də yeni nəşrdə verilib.
Monoqrafiyadan Naxçıvan MR-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən çay və sututarların çirklənməsinin monitorinqinin keçirilməsi və onun qarşısının alınmasında verilən “Təklif və tövsiyələr”-də, Azərbaycan və Naxçıvan Muxtar Respublikasının floralarının və yeni taksonomik spektrinin hazırlanmasında, o cümlədən “Qırmızı kitabların” və müvafiq “Təyinedicilərin” yeni nəşrlərində, ali məktəblərin biologiya profilli fakultələrin və orta məktəblərin tədris proqramlarının tərtib edilməsində istifadə edilə bilər. Elmi işin nəticələri həmçinin Beynəlxalq alqofloranın sistematikasının tərtibində, yosun növlərinin yeni yayılma areallarının müəyyənləşdirilməsində də istifadə oluna bilər.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi