AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

IMG_7633-1 

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə bölmənin Bioresurslar İnstitutunun biologiya üzrə fəlsəfə doktoru, dosent Akif Bayramovun “Naxçıvan Muxtar Respublikasında xərçəngkimilər faunası” mövzusunda elmi məruzəsi dinlənilib. Qeyd olunub ki, Naxçıvanda Xərçəngkimilər faunası haqqında məlumatlara ilk dəfə keçən əsrin əvvəllərində təsadüf edilib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Xərçəngkimilər faunası 4 sinif, 10 dəstə, 28 fəsilə, 53 cins və 88 növ və yarımnövdən ibarətdir. Diqqətə çatdırılıb ki, aşkar edilənlərdən 2 növ xərçəng quru onurğasız, digərləri isə su həyat tərzi keçirirlər. Alim xərçənglərin Arazboyu düzənlikdən başlamış yüksək dağlıq qurşağınadək bütün sututarların faunasında geniş yayıldığını söyləyib: “Araz su anbarının su qatında asılı paylanmış zooplankton faunasının 38 növ ibtidai xərçəngi bioloji və təsərrüfat əhəmiyyəti baxımından xüsusi maraq doğurur. Zooplanktonda yaşayan xərçənglər su anbarında yayılan bütün balıq növlərinin süfrə və körpələrinin ilkin, “start” yemini təşkil edir”.

Daha sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasında aparılan işlərin son vəziyyəti barədə laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov məlumat verib. Bildirib ki, laboratoriya əməkdaşlarının 4 kitabı 52 elmi əsəri (əsərlərdən 34-ü xaricdə) çap edilib ki, bunlardan da 9 məqalə xaricdə impakfaktorlu jurnallarda nəşr edilib. Həmçinin laboratoriya əməkdaşları 3 patent hazırlayıb, 37 məqalə isə çapa göndərilib.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub və gələcəkdə aparılacaq tədqiqatların elmi səmərəliyini yüksəltmək üçün müvafiq tapşırıqlar verilib.

İclasda akademik İsmayıl Hacıyev bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin və Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasovun tarif dərəcələrinin artırılması barədə iştirakçılara məlumat verib.

Gündəliyə çıxarılan digər məsələ İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və Teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovun tarif cədvəlində əsasən dəyişiklik edilməsi, filologiya üzrə fəlsəfə doktoru, Nərgiz İsmayılovanın Vahid Tarif Cədvəli üzrə vəzifə və dərəcəsinin artırılması ilə bağlı olub.

İclasda Rəyasət Heyətinin qərarı ilə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanov Musiqi və Teatr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov isə institutun elmi katibi təyin edilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi