AMEA Naxçıvan Bölməsinin əməkdaşı ABŞ-ın nüfuzlu elmi jurnalının redaksiya heyətinin üzvü seçilib

11

11

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova American Journal of Modern Physics (Müasir fizikanın Amerika jurnalı) beynəlxalq jurnalının redaksiya heyətinə üzv seçilib.
Qeyd edək ki, Günel Məmmədovanın əsas elmi fəaliyyət istiqamətləri qeyri-üzvi birləşmələrin quruluşlarının öyrənilməsi və onun əsasında yeni materialların məqsədli sintezinin həyata keçirməsidir. Gənc alimin elmi-tədqiqat işlərinin nəticələri Azərbaycanda və xaricdə çap olunan bir sıra nüfuzlu jurnallarda dərc edilib. Onun xarici ölkə nəşriyyatında 2, ölkə nəşriyyatında isə 1 kitabı işıq üzü görüb. Alimin yerli xammal əsasında alınan “Erionit tipli seolitin alınma üsulu” və “Tomsonit tipli seolitin alınma üsulu” adlı ixtiraları cari ildə Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən patentə layiq görülüb. O, həmçinin ötən il Rusiya Federasiyasının Təbiətşünaslıq Akademiyasının professoru seçilib.
Bölmə əməkdaşının ABŞ-ın nüfuzlu elmi jurnalının redaksiya heyətinin üzvü seçilməsi Naxçıvan Muxtar Respublikasında aparılan elmi tədqiqat işlərinin dünya elmi ictimaiyyətinin diqqətinə çatdırılması baxımından əhəmiyyətlidir.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi