Beynəlxalq konqresdə Naxçıvanlı gənc tədqiqatçının çıxışı maraqla qarşılanıb

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Sevinc Cabbarova Türkiyənin Fəthiyə şəhərində Muğla Sıtkı Koçman Universiteti tərəfindən keçirilən “Gənclik tədqiqatları” adlı II Beynəlxalq Konqresdə iştirak edib.
Dörd gün davam edən tədbirin iqtisadi tədqiqatlar sahəsinin müzakirəsinə həsr olunan iclasına Sevinc Cabbarova sədrlik edib. Gənc tədqiqatçının “Naxçıvan İslam mədəniyyəti və gənclərdə tolerantlığın inkişaf etdirilməsi” mövzusundakı çıxışı müxtəlif ölkələrdən olan alimlər tərəfindən maraqla qarşılanıb.
Məruzədə 2009-cu ilin oktyabr ayında Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin VI konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyəti paytaxtı elan olunması ilə bağlı məlumat verilərək Naxçıvan Muxtar Respublikası ərazisində əsrlərdən bəri qorunub yaşadılan və dövlət qayğısı ilə əhatə olunan islam dəyərlərinin zənginliyi diqqətə çatdırılıb. Həmçinin muxtar respublikada yaradılan infrastrukturdan və iqtisadi inkişafdan, regionunun turizm üçün əlverişli coğrafi şəraitindən, o cümlədən gənclərin inkişaf strategiyası və tolerantlığın artırılması sahəsində görülən işlərdən bəhs olunub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi