AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun balansına yeni kitablar daxil edilib

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna üç yeni kitab- 1907-ci ildə Azərbaycan dilində ərəb əlifbası ilə çap olunan “Kərbəla yanğısı” əsəri, 1922-ci ildə Camo Cəbrayılbəylinin yazdığı “Elmi heyvanat” dərsliyi və 1908-ci ildə Tiflisdə nəşr olunan Məhəmmədhəsən Movlazadə Şəkəvinin “Qurani təfsir” kitabının 2-ci cildi verilib.
Bu münasibətlə təşkil olunan tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli Sərəncamı ilə yaradılan AMEA Naxçıvan Bölməsi və onun tərkib hissəsi olan Əlyazmalar Fondu barədə məlumat verib. Bildirib ki, 2005-ci ildən fəaliyyət göstərən Əlyazmalar Fondu xalqımızın tarixi keçmişini, mədəni həyatını, mənəviyyatını özündə əks etdirən əlyazmaların toplanılması, sistemləşdirilməsi, kataloqlaşdırılması, qorunması, tədqiqi və nəşrini həyata keçirir. Naxçıvanda əlyazmaların toplanılması istiqamətində görülən işlərdən danışan alim qeyd edib ki, fondda mühafizə olunan əlyazmaların bir qismi Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri tərəfindən hədiyyə edilib. İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən son zamanlarda fonda 20-ə yaxın kitabın hədiyyə edildiyini diqqətə çatdırıb.
Sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Natəvan Qədimova çıxış edərək tariximizin öyrənilməsi və təbliğinin önəmindən, bu sahədə muzeylərin rolundan bəhs edib. Maddi-mədəniyyət nümunələrinə dövlət tərəfindən daim yüksək qayğı göstərildiyini vurğulayan Natəvan Qədimova muzey fondlarının son illərdə xeyli zənginləşdiyini, vətəndaşlar tərəfindən mədəniyyət ocaqlarına hədiyyə olunan eksponatların böyük tarixi əhəmiyyət daşıdığını vurğulayıb: “Xalqın milli-mənəvi sərvəti kimi tarixin həqiqi yaddaş reallığını özündə əks etdirən əlyazmaların qorunub saxlanılması, tədqiqi və gələcək nəsillərə ötürülməsi hər birimizin vətəndaşlıq borcudur”.
Tədbirdə bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov rəhbərlik etdiyi müəssisədə qədim çap kitablarının və əlyazmaların tədqiqi istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, fondda nadir sənət nümunələrinin kataloqlaşdırılması həyata keçirilir, o cümlədən əlyazmaların ilkin tədqiqi aparılır. Burdakı əlyazmalar arasında Azərbaycan, türk, rus, fars və ərəb dillərində ədəbiyyat, tarix, riyaziyyat, astronomiya, məntiq, fəlsəfə, tibb sahələrinə aid qədim çap kitab və əlyazmalar vardır.
Naxçıvan tarixi və mədəniyyəti ilə bağlı bir sıra nadir sənət nümunələri, qədim kitab və məktubların olduğunu söyləyən fondun direktoru bu nümunələrin sistemli tədqiqata cəlb edildiyini bildirib.
Sonda iştirakçılar Əlyazmalar Fondunda mühafizə olunan əlyazmalarla yaxından tanış olublar.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi