Cəlil Məmmədquluzadənin “Hekayələr” və M.T. Sidqinin “Məktəb hekayətləri” kitablarının təqdimatı olub

001
AMEA Naxçıvan Bölməsinin Elektron kitabxanasında Cəlil Məmmədquluzadənin “Hekayələr” və M.T. Sidqinin “Məktəb hekayətləri” kitablarının təqdimatı olub.
Tədbirdə kitabxananın müdiri Nuridə Kəngərli çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamını xatırladıb. Bildirib ki, sözügedən sərəncam gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və dünyagörüşlərinin artırılmasında önəmli rol oynayacaq. Nuridə Kəngərli tövsiyə olunan ədəbiyyatlar sırasında Azərbaycanın klassik və müasir ədəbiyyatının, o cümlədən dünya klassiklərinin görkəmli nümayəndələrinin əsərlərinin yer aldığını söyləyib.
Daha sonra Əlyazmalar fondunun şöbə müdiri Fəxrəddin Eylazovun “Cəlil Məmmədquluzadənin “Hekayələr” və M.T. Sidqinin “Məktəb hekayətləri” kitabları haqqında” mövzusunda məruzəsi dinlənilib.
Sonra kitabxananın Kitabişləmə-kataloqlaşdırma və annotasiya şöbəsinin kitabxanaçısı Könül Cabbarova və fond müdiri Kəmalə Quliyeva çıxış ediblər. Qeyd olunub ki, Mirzə Cəlil istedadlı qələm ustası, demokrat fikirli ziyalı, maarifpərvər bir şəxsiyyət olub və bu, onun bütün əsərlərində özünü göstərib.
Həmçinin M.T. Sidqinin kiçik hekayələrindən də bəhs olunaraq bildirilib ki, ədibin “İki bacının söhbəti”, “Ata və ana məhəbbəti”, “Cəsur və ürəkli uşaq” və digər hekayələri əhəmiyyətinə və aktuallığına görə Azərbaycan uşaq ədəbiyyatının qiymətli nümunələri hesab edilir.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi