AMEA Naxçıvan Bölməsində Cənubi Qafqazda alman məskənlərinin tarixinə həsr olunan tədbir keçirilib

IMG_8055
AMEA Naxçıvan Bölməsində “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınması” tarixinə həsr olunan tədbir keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Prezident İlham Əliyevin 30 avqust 2016-cı il tarixli Sərəncamını xatırladıb. Qeyd edib ki, Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq mühiti XIX əsrin əvvəllərində buraya köçürülən alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurması üçün əlverişli zəmin yaradıb. Akademik almanların yaşayış məskəni olmuş Yelenendorfda (indiki Göygöl) Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Abbas Seyidov tərəfindən tədqiqatların aparıldığını söyləyib. İsmayıl Hacıyev aparılan araşdırmalarla bağlı 2007-ci ildə “Yelenendorf-Yeleneno-Xanlar” adlı dəyərli elmi əsərin ortaya qoyulduğunu bildirib.
Sonra Abbas Seyidov çıxış edərək almanların Qafqaza yerləşmələrinin tarixi və mədəniyyəti ilə bağlı məlumat verib. O, almanların ilk köçünün 1817-ci ildə olduğunu və 122 il Azərbaycanda məskunlaşaraq, yerli əhali ilə dinc şəraitdə yaşadıqlarını söyləyib. Alim sovet rəhbərliyindəki A. Mikoyanın vasitəsi ilə ermənilərin Göygöl və Şəmkirdən Sibirə sürgün olunan almanların evlərinə köçürüldüyünü, yaşayış məntəqələrinin zəbt edildiyini deyib. A. Seyidov bu ərazilərdə aparılan araşdırmalar zamanı alman qəbir daşlarının dəyişdirilərək ermənilərə məxsus olması kimi saxtakarlığa yol verildiyini bildirib.
Daha sonra alim bölmə əməkdaşlarının suallarını cavablandırıb.

Sonda professorun tədqiqatlarının nəticəsini əks etdirən video nümayiş olunub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi