Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin xalqımıza əmanətidir

IMG_8055
AMEA Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən, dövlətçiliyimizin qorunması naminə həyata keçirdiyi daxili və xarici siyasətdən danışıb. Bildirib ki, ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün illərdə tariximizə, tarixi keçmişimizə, mədəniyyətimizə, elmimizə, təhsilimizə, ümumilikdə bütün sahələrə xüsusi diqqət və qayğı göstərib. O, hər zaman dəyərli fikir və tövsiyələr irəli sürüb, böyük əməli işlər görüb. Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada ulu öndərin izi olmasın.
“Ümummilli lider Heydər Əliyev ideyası Azərbaycan gələcəyinin uğurlarıdır”-, deyən akademik İsmayıl Hacıyev dahi öndərin siyasətinin Azərbaycana böyük uğurlar gətirdiyini, onun əbədiyaşar ideyalarının bu gün Prezident İlham Əliyev və Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.
Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Heydər Əliyev irsi-ədəbiyaşar təlim”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzəçilər ulu öndər Heydər Əliyevin milli dəyərlər üzərində qurduğu dövlətin uğurlu siyasətdən danışılaraq qeyd ediblər ki, bu gün ölkəmizin hərtərəfli və sürətli inkişafı, baş verən əsaslı dəyişikliklər, xarici siyasətdəki uğurlar, həyata keçirilən qlobal layihələr Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir. Bildirilib ki, dahi lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini qurması, yaratması, inkişaf etmiş bir dövlətə çevirərək xalqımıza miras qoyması onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətidir.
AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsi