“Azərbaycan tarixi nəsrində Naxçıvan” və “Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı” adlı nəşrlərin təqdimatı olub

AMEA Naxçıvan Bölməsində bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin əməkdaşları, filologiya üzrə fəlsəfə doktorları-Əli Həşimovun “Azərbaycan tarixi nəsrində Naxçıvan” və Aygün Orucovanın “Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı” adlı monoqrafiyalarının təqdimatı olub.
Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev ictimaiyyətə təqdim olunan yeni nəşrlərin əhəmiyyətindən danışıb. Bildirib ki, “Azərbaycan tarixi nəsrində Naxçıvan” monoqrafiyasında Azərbaycan ədəbiyyatında nəsrin tarixi inkişaf yolu izlənilir, xüsusilə Naxçıvana aid əsərlər diqqət mərkəzinə çəkilir, tarixi dövr, müasir gerçəklik və yazıçı mövqeyindən bəhs olunur.
“Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı” monoqrafiyası barədə məlumat verən Əbülfəz Quliyev bildirib ki, əsərdə XIX əsrin sonlarında Naxçıvan ədəbi mühitinin yetirməsi olan yazıçı, dramaturq, “Molla Nəsrəddin” satirik məcmuəsinin və eyniadlı ədəbi məktəbin yaradıcısı Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli yaradıcılığının nisbətən az araşdırılan bir sahəsi tədqiqata cəlb olunub. Monoqrafiyada mollanəsrəddinçi satirik şeirin ideya estetik, dil və ifadə xüsusiyyətlərinin formalaşdırılmasında Cəlil Məmmədquluzadənin rolundan əsaslı şəkildə bəhs edilir.
Daha sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovun “Naxçıvanı öyrənən dəyərli tədqiqat əsəri”, Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Mirzəcəlilşünaslıqda dəyərli mənbə” mövzusunda məruzələri dinlənilib.
Tədbirdə Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl, Ədəbiyyatşünaslıq şöbəsinin böyük laborantı Rübabə Qafarova çıxış ediblər.
Sonda müəlliflər tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi