“İnteraktiv açıq dərs”də ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlardan bəhs olunub

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti “İnteraktiv açıq dərs” baş tutub.
Dərsdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımları və Naxçıvan” mövzusunda çıxış edib. Alim çıxışında ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan və Zəngəzurda dinc əhaliyə qarşı tarixdə görünməmiş kütləvi qətl və qırğınların həyata keçirildiyini bildirib. Qeyd edib ki, 1905-1907, 1918-1920, 1941-1945, 1948-1953 və 1988-1994-cü illərdə ermənilər tərəfindən törədilən etnik təmizləmələr zamanı insanlarla yanaşı, tarixi türk-islam mədəniyyəti abidələri də məhv edilib.
Naxçıvanda azərbaycanlılara qarşı törədilən soyqırımlara Andranik Ozanyanın başçılıq etdiyini deyən Emin Şıxəliyev bildirib ki, erməni cəllad Naxçıvana hərbi yürüşlərindən əvvəl Türkiyənin Ərzurum, Alaça, İlgə, Yaşılyayla bölgələrində türklərin qatili kimi tanınıb və Ərzurum soyqırımının əsas təşkilatçılarından olub.
Ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı arxiv sənədlərinin materialları əsasında şagirdlərin diqqətinə çatdıran alim məlumat verib ki, ermənilərin həm Qafqazda, həm də Anadoluda terror hadisələrinin arxasında türk yurdlarına sahiblənmək, Azərbaycanla Türkiyənin əlaqələrini kəsmək niyyəti dayanıb.
Dərsdə həmçinin Məmməd Səid Ordubadinin “Qanlı illər” kitabdan da bəhs olunub. Bildirilib ki, kitabda saxtakar ermənilərin təcavüz siyasətlərini təsdiq edən olduqca çox mühüm tarixi sənədlər işıqlandırılıb.
Dərs zamanı şagirdlərin diqqətinə çatdırılıb ki, bir çox dövlətlərin arxivlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciələrlə bağlı xeyli sayda arxiv materialları var. Təəssüf ki, xalqımıza qarşı törədilən qırğınları təsdiqləyən faktlar, sənədlər uzun illər məxfi arxivlərdə saxlanılıb, lakin Azərbaycan müstəqillik qazandıqdan sonra gizli saxlanılan həqiqətlər açılıb.
Xüsusi olaraq vurğulanıb ki, ulu öndər Heydər Əliyev 18 dekabr 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərmanlar imzalayaraq xalqımıza qarşı törədilmiş soyqırımlara siyasi qiymət verib.
Açıq dərs ümumilikdə muxtar respublikanın 200 ümumtəhsil məktəbində izlənilib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi