“Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ı üç dildə nəşr olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Bilik Fondunun Tədbirlər Planına əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən hazırlanan “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas” çap olunub.
Atlasın müəllifləri-akademik İsmayıl Hacıyev (məsul redaktor), AMEA-nın müxbir üzvləri-Fəxrəddin Səfərli, Əbülfəz Quliyev, Qadir Qədirzadə, Vəli Baxşəliyev, tərtibçiləri filologiya üzrə fəlsəfə doktorları-Firudin Rzayev, Asəf Orucov, Əkrəm Hüseynzadə, Rəşad Zülfüqarov, Nazim Bababəyli, Cəfər Əliyev və Fəxrəddin Eylazovdur.
Azərbaycan, ingilis və rus dilində 460 səhifədən ibarət olan atlasa 51 tarixi-coğrafi söz, 239 ifadə və deyimi özündə əks etdirən xəritələr daxil edilib. 34567 001
Fundamental nəşrdə Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarının Naxçıvanla bağlılığı sistemli olaraq araşdırılıb. Atlas üzərində iş aparılarkən daha çox etnoqrafik məsələlərə diqqət yetirilib. Belə ki, oğuzların təsərrüfat həyatı, maddi mədəniyyəti və bunların Naxçıvanda izləri, dastanda işlədilən geyim və bəzək adları, Dədə Qorqud oğuzlarının yemək və içki növləri, dastanda adı çəkilən sənətlər və xalq nəqliyyat vasitələri, əkinçilik və maldarlıq sahələri, idarəçilik sistemi, ailənin idarə olunması, dini inanclar öz əksini tapıb.
Atlasda akademik İsmayıl Hacıyevin ““Kitabi-Dədə Qorqud Dastanı” onun Naxçıvanla bağlılığı” adlı irihəcmli yazısı da yer alıb. İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanı bütün türk dünyasına məxsusdur, amma onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir” sözlərini xatırladaraq qeyd edib ki, ulu öndər tərəfindən dastanların dünya miqyasında təbliği və Azərbaycanda adının əbədiləşdirilməsi, əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi üçün “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi haqqında” 20 aprel 1997-ci ildə xüsusi fərman imzalayıb.
Alim yazıda ölkə Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci il tarixli Sərəncamdan da bəhs edib.
Diqqətə çatdırılır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyul 2015-ci il tarixli Sərəncamı ilə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq Naxçıvan şəhərində “Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumun keçirilməsi, professor Səfərəli Babayevin “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasının yenidən nəşr olunması, ““Kitabi-Dədə Qorqud” və Naxçıvan” televiziya filminin hazırlanması, bu mövzuda açıq dərslərin, dəyirmi masaların, kütləvi informasiya vasitələrində verilişlərin və qəzet materiallarının hazırlanması təşkil edilib.
Yazıda “Kitabi-Dədə Qorqud” dastanlarının Naxçıvanla bağlılığından bəhs edilib, dastanda baş verən hadisələrin, bir sıra boylarda adı çəkilən Qaraçuq, Əlincə qalası, Dərəşam, Şərur (Şəruk) kimi coğrafi adların Naxçıvan ərazisində olduğu bildirilir. Qeyd olunur ki, Naxçıvan ərazisində “Kitabi-Dədə Qorqud” dastanında ifadə olunan çoxsaylı yer-yurd adlarının qeydə alınması bu regionun qədim Oğuz yurdu, Azərbaycan torpağı olduğunu təsdiqləyir. Göstərilir ki, Naxçıvan diyarı “Kitabi-Dədə Qorqud” dastanında baş vermiş hadisələrin coğrafiyasında mühüm rol oynamış, dastandakı etnoqrafik materialların böyük əksəriyyəti Naxçıvan ərazisində yaşayan Azərbaycan türklərinin məişətində, mədəniyyətində, təsərrüfat həyatında, dini inanclarında, deyim tərzlərində və başqa sahələrdə işlədilən etnoqrafik materiallarla üst-üstə düşür.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi