Naxçıvan Muxtar Respublikasında içməli, mineral və suvarma suları tədqiq olunur

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasında Naxçıvan Muxtar Respublikasının coğrafi baxımdan fərqli hissələrində yerləşən su mənbələrinin-içməli, mineral və suvarma sularının yararlılığı və onların səmərəli istifadəsi ilə bağlı elmi-tədqiqat işləri aparılır.
Ötən il laboratoriyada Babək rayonunun ərazisindən (Qahab kənd kəhriz və artezian, Vayxır kənd bulağı və Vayxır su anbarı, Çalxanqala Urfan bulağı, Çeşməbasar kənd kəhrizi, Hacıvar, Badaşqan Zeynəddin, Kültəpə və Yarımca artezian suları, Naxışnərgiz bulağı, Cəhri I və Cəhri Məşədi Abbas çeşməsi, Tumbul keçməsi I və II, Sirab mineral su yatağının 9 və 12 saylı bulaqları və Naxçıvan şəhər Kərbəlayı Musa çeşməsindən və sair) götürülən su nümunələrinin kimyəvi tərkibləri, minerallaşma dərəcələri, codluqları, pH və quru qalıqları öyrənilib.
Analizlərdə suların əsas komponentləri olan natrium və kalium ionlarının, maqnezium, kalsium-ionlarının ayrı-ayrılıqda miqdarları, xlorid, hidrokarbonat və sulfatın, bir neçə suda isə nitrat-ionlarının miqdarları müəyyən edilib, alınan nəticələr cədvəlləşdirilib. Bulqan kanal suyunun və Çeşməbasar kollektorunun suvarmaya yararlılığı Steblerin suvarma əmsalı ilə dəyərləndirilib və müsbət nəticə əldə olunub.
Qəbul edilmiş beynəlxalq standartlara əsasən, suların tərkibi Kurlov formulu ilə tətbiq edilib.
Babək rayonu üzrə öyrənilən su nümunələrinin fiziki-kimyəvi xüsusiyyətlərinin müqayisəli analizi nəticəsində isə hündürlükdən asılı olaraq sulardakı mineral komponentlərin miqdarları arasında korrelyasiya aşkarlanıb.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi