“20 Yanvar-azadlığımızın və milli iradəmizin simvolu” mövzusunda elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan “20 Yanvar-azadlığımızın və milli iradəmizin simvolu” mövzusunda elmi konfrans keçirilib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək SSRİ-nin ermənipərəst rəhbərliyinin Azərbaycan xalqına qarşı məkrli siyasəti nəticəsində 20 Yanvar faciəsinin törədildiyini bildirib. Qeyd edib ki, həmin gün Azərbaycan xalqının tarixinə tək faciə kimi yox, həm də qəhrəmanlıq zirvəsi kimi yazılıb.
İsmayıl Hacıyev ölkəmizin həmin ərəfədə informasiya blokadasında olduğunu və ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyində cəsarətli bəyanatı ilə xalqın səsini dünyaya çatdırdığını söyləyib.
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “20 Yanvar faciəsi ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Ümummilli lider Heydər Əliyev və 20 Yanvar faciəsi”, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilov “20 Yanvar faciəsi-insanlığa qarşı cinayət” və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova “20 Yanvar hadisələri bədii ədəbiyyatda” mövzusunda elmi məruzələrlə çıxış ediblər.
Tədbirdə, həmçinin Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasından, Qabilin “Mərsiyə”sindən, Məmməd Arazın “Ayağa dur Azərbaycan”, Məmməd Aslanın “Ağla, qərənfil, ağla” habelə Asim Yadigarın “Şəhidlik”, Xanəli Kərimlinin “Bütövlük” poeması, Vaqif Məmmədovun “Sədərək harayı” və digər şairlərin bu qəbildən olan şeirləri diqqətlərə çatdırılıb.
Qeyd edək ki, bölmənin Elektron Kitabxanasında “Qanlı 20 Yanvar” başlığı altında sərgi də təşkil edilib. Sərgidə 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecənin materiallarını əks etdirən jurnal, qəzet və kitablar nümayiş olunur.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi