AMEA Naxçıvan Bölməsi hesabat verib

Foto-4
Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatla çıxış edib.
Akademik bildirib ki, AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilən plana uyğun olaraq tədqiqat işlərinə yeni elmi tələblərlə yanaşılıb, Naxçıvanın tarixi, mədəniyyəti, ədəbiyyatı, folkloru, incəsənəti, təbii sərvətləri, flora və faunası, torpaq örtüyü sistemli şəkildə öyrənilib. Vurğulayıb ki, hesabat ilində bölmədə ölkə başçısının 11 fərman və sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 qərar və sərəncamı, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabinetinin 23 fərman, sərəncam və qərarı, AMEA-nın 6 sərəncam və qərarı icra edilib.
Mühüm nəticələrə dair statistik məlumatları diqqətə çatdıran İsmayıl Hacıyev bildirib ki, bölmə üzrə 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzuda 34 iş 79 mərhələdə yerinə yetirilib. 2017-ci ildə bölmə əməkdaşlarının 33 monoqrafiyası, 17 kitabı, 2 atlası, 2 dərsliyi, 1 kitabçası, 1 metodik vəsaiti nəşr edilib, həmçinin 515 elmi məqalə, 190 konfrans materialı və 6 tezis olmaqla 767 elmi əsər çapdan çıxıb. Əsərlərdən 1-i monoqrafiya, 1-i kitab, 90-ı elmi məqalə, 72-si konfrans materialı, 1-i tezis olmaqla 165 elmi əsər xaricdə işıq üzü görüb. İmpakt faktorlu jurnallarda dərc olunan elmi məqalələrin sayı isə 45-dir.
Akademik bölməyə daxil olan elmi müəssisələrdə həyata keçirilən tətbiq yönümlü işlər haqqında məlumat verib: “Darıdağ arsenli suyundan quru qalığın alınması üçün istehsal şəraiti yaradılıb, eyni zamanda Biləv zəy süxurundan 3 birləşmənin alınması istiqamətində geniş tədqiqatlar aparılıb. Naxçıvan Muxtar Respublikası ərazisində yem, dərman, efir yağlı, boyaq əhəmiyyətli, bəzək-bağçılıq üçün yararlı, bal verən, yeyilən yabanı qida bitkiləri, aşı maddəli, lifli, kitrəli, qlükozidli, alkaloidli, saponinli, flavanoidli, vitaminli, kosmetik və digər olmaqla, ümumilikdə 27 faydalı bitki qrupu müəyyən edilib. Bioresurslar İnstitutunun laboratoriyasında steril şəraitdə qurudulmuş dərman bitkilərdən ibarət qarışıqlar hazırlanması üçün sertifikatlar alınıb. Dərman bitkilərindən xüsusi seçilmiş reseptlərə əsasən qarışıqlar hazırlanaraq qablaşdırılıb Bölmənin “Yaşıl aptek”inə, eyni zamanda muxtar respublikada fəaliyyət göstərən bəzi apteklərə verilib”.
Elmlə təhsilin inteqrasiyasından danışan İsmayıl Hacıyev vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Sərəncamına uyğun olaraq 54 elmi dərəcəli əməkdaş Muxtar Respublikanın 38 ümumtəhsil məktəbində təşkil olunan nümunəvi dərslərdə iştirak edib, həmçinin 11 əməkdaş interaktiv dərs tədris edib.
Akademik beynəlxalq əməkdaşlıq və qrantlar haqqında da danışıb. Qeyd edib ki, ötən il ABŞ, Fransa, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, İran və digər ölkələrin elm və təhsil müəssisələri ilə sıx əməkdaşlıq edilib. 2 respublika səviyyəli qrant layihəsinin icrasının başa çatdığını bildirən natiq 1 beynəlxalq və 3 respublika səviyyəli qrant layihəsinin isə icrasının davam etdirildiyini vurğulayıb.
Elektron elmin vəziyyəti haqqında məlumat verən akademik bildirib ki, ötən il bölmənin www.ameanb.nakhchcivan.az elektron portalında mühüm hadisələr, maraqlı məlumat, keçirilən tədbirlər və digər informasiyalar yerləşdirilib. İl ərzində bölmənin Elmi Kitabxanasında müxtəlif elm sahələrinə aid 227 kitabın elektron variantı hazırlanıb.
İsmayıl Hacıyev kadr hazırlığının hesabat ilində də davam etdirildiyini, bölmə əməkdaşlarından 1 nəfərin elmlər doktoru, 7-nin fəlsəfə doktoru elmi dərəcəsi, 2-nin isə dosent elmi adı aldığını söyləyib. Qeyd edib ki, hazırda bölmədə 23 nəfər doktorant, 26 nəfər dissertant tədqiqatlarını davam etdirirlər.
Təltiflər və mükafatlardan danışan məruzəçi bildirib ki, bölmə əməkdaşları tərəfindən hazırlanan “Naxçıvan tarixi” çoxcildliyi 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən elm sahəsində Naxçıvan Muxtar Respublika mükafatına, həmçinin AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabı Ali Məclis Sədrinin mükafatına layiq görülüb. Eyni zamanda bölmənin bəzi əməkdaşları respublika və beynəlxalq səviyyəli mükafatlarla təltif olunublar.
Məruzə dinlənidikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyəti hesabatın təsdiqi və AMEA-nın illik hesabatına salınmasına dair qərar qəbul edib.
İclas AMEA Naxçıvan Bölməsində telekörpü vasitəsi ilə izlənilib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi