“Nemətullah Naxçıvani XV əsrin görkəmli təsəvvüf və təfsir alimi” monoqrafiyası işıq üzü görüb

578989 001
AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin ötən ilki iclaslarının birində bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat İnstitutlarının və Əlyazmalar Fondunun elmi əməkdaşlarına həyatının çoxunu Naxçıvanda keçirən İranda və Türkiyədə yaşayan, təsəvvüf və təfsir sahəsində əsərlərini də burada qələmə alan Baba Nemətullah Naxçıvaninin irsi ilə bağlı Türkiyə və İranın arxiv, muzey və kitabxanalarında tədqiqatlar aparmalarına dair tapşırıqlar verilib. Eyni zamanda İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən “Taleyi və sənəti” layihəsi çərçivəsində hər il işıq üzü görən məqalələr toplusunun 2018-ci il üçün olan növbəti sayca 12-ci nəşrinin Baba Nemətullah Naxçıvaniyə həsr edilməsi barədə qərar qəbul edilib. Bölmədə sentyabr ayının 19 da “Baba Nemətullah Naxçıvani” mövzusunda elmi konfransın keçirilməsi də nəzərdə tutulub. Bölmənin Əlyazmalar fondunun Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimovun bu günlərdə işıq üzü görən “Nemətullah Naxçıvani XV əsrin görkəmli təsəvvüf və təfsir alimi” monoqrafiyası qarşıya qoyulan vəzifələrin icrası istiqamətində həyata keçirilən tədbirlərdən biridir.
Qeyd edək ki, Səbuhi İbrahimov Naxçıvanın zəngin tarixi keçmişinə aid qədim əlyazma mətnlərini öyrənib tədqiq edir, fəlsəfi mahiyyətini, eyni zamanda mətnşünaslıq elminin bölgə üçün əhəmiyyətli tərəflərini araşdırır, bununla bağlı monoqrafiya, kitab və məqalələr hazırlayıb geniş ictimaiyyətə çatdırır.
Tədqiqatçı alimin yeni nəşri Azərbaycanın təsəvvüf və təfsir alimləri arasında xüsusi yeri olan Baba Nemətullah Naxçıvaninin fəlsəfi görüşlərinə dair bəzi qeydlərin araşdırılması və təhlil edilməsi istiqamətində aparılan tədqiqat sahələri işıqlandırılıb.
Türkcə, ərəbcə və farsca ədəbiyyatlardan istifadə edilən nəşrdə Azərbaycan fəlsəfi-tarixinin dərin kökləri zəngin xüsusiyyətləri təhlil edilib və nəticədə Naxçıvanda yetişən fəlsəfi məzmunlu məktəblərinin nümayəndəsi olan Baba Nemətullah Naxçıvaninin həyat və yaradıcılığı ilə yanaşı, elmi fəaliyyəti, təsəvvüflə bağlı dərin düşüncələri, alimin qələmə aldığı fəlsəfi məzmunlu müxtəlif əsərlərindən bəhs olunur.
Yeni nəşrin elmi redaktoru İncəsənət, Dil və Ədəbiyyat İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçiləri isə fəlsəfə üzrə elmlər doktorları, professorlar Zəkiyyə Əbilova, Məhəmməd Rzayev və filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi