“Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi Azərbaycan dilinin inkişafına həsr olunub

IMG_8876
AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının sayca 77-ci məşğələsi Azərbaycan dilinin inkişafına həsr olunub.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra dilimizin keçdiyi tarixi inkişaf yoluna nəzər salıb. O, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi milli dil siyasətindən, dilimizin dövlət dili statusu alması və beynəlxalq səviyyəyə yüksəlməsindən danışıb. Bildirib ki, 1969-cu ildə Bakı Dövlət Universitetinin yaradılmasının 50 illik yubileyində Azərbaycan dilində çıxış edən ulu öndər dilimizin dövlət dili olması tələbi ilə məsələ qaldırıb və 1978-ci ildə Azərbaycan dili dövlət dili kimi Konstitusiyamızın 73-cü maddəsində öz əksini tapıb.
Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Heydər Əliyev irsində Azərbaycan dilinin inkişafı məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Vurğulayıb ki, ulu öndər 2001-ci il avqustun 9-da Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” mühüm bir fərman imzalayıb. Həmin fərmana əsasən hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Əbülfəz Quliyev ana dilinə qayğı siyasətini bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. Qeyd edib ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü ildə imzaladığı Sərəncam ana dilimizin qorunmasına və inkişafına qayğısının ən bariz nümunəsidir.
Alim bu siyasətin Naxçıvanda da uğurla davam etdirildiyini vurğulayaraq Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin birbaşa nəzarəti altında Naxçıvan Muxtar Respublikasında Dövlət Proqramının tətbiqi, dilimizin qorunub inkişaf etdirilməsi istiqamətində aparılan işlər, həyata keçirilən genişmiqyaslı tədbirlərin önəmindən danışıb. Əbülfəz Quliyev muxtar respublikada “Ana dili” abidəsi ucaldıldığını, tariximiz və mədəniyyətimizlə yanaşı, dilimizin inkişafına da mühüm töhfə verən ““Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ı, “”Kitabi-Dədə Qorqud” toponimləri” kimi kitabların nəşr edildiyini deyib.
Məşğələyə akademik İsmayıl Hacıyev yekun vurub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi