AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Akademik İsmayıl Hacıyev çıxışında bölmə əməkdaşlarının media ilə əlaqələrinin genişləndirilməsi, muxtar respublikanın ən qədim dövrlərdən Azərbaycan türklərinə məxsusluğu ilə bağlı elmi materialların hazırlanması barəsində danışıb. Akademik elmi tədqiqat işlərində bununla əlaqədar fundamental tədqiqatların aparılmasının, Naxçıvan elminin əsas istiqamətlərindən biri kimi araşdırılmasının vacibliyindən bəhs edib.
Həmçinin İsmayıl Hacıyev 6–8 iyul 2018-ci il tarixində keçiriləcək “Naxçıvan: İslam mədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq konfransın hazırlıq işləri ilə bağlı iştirakçılara məlumat verib. Akademik konfransın elmi istiqamətinin müəyyən edilməsi və ictimaiyyətə təqdim edilməsi barədə tapşırıqlar verib.
Sonra bölmənin Bioresurslar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə Salayevanın “Naxçıvan Muxtar Respublikasının florasında yayılan bəzi geofit bitkilərinin faydalı xüsusiyyətləri” mövzusunda elmi məruzəsi dinlənilib. Məruzəçi Naxçıvan florasında yayılan geofit bitkilərinin öyrənilmə tarixi, yayılması, faydalı xüsusiyyətləri və qorunması haqqında geniş məlumat verib. Bildirilib ki, son illərdə T. Talıbov, Ə. İbrahimov, S. İbadullayeva və Z. Salayeva tərəfindən muxtar respublikada yayılan geofit bitkilərin konspekti hazırlanıb və geofitlər floramızda 23 fəsilə və 53 cinsə aid 211 növünün olduğu müəyyən edilib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitab”ına 202 ali sporlu, çılpaqtoxumlu və çiçəkli bitkilər daxil edilib ki, bunların içərsində 57 növ, geofit bitkiləridir. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, məruzəçi tərəfindən çoxsaylı suallar cavablandırılıb.
Gündəliyə çıxarılan digər məsələ bölmədə yeni işə götürülmüş əməkdaşlarının elmi təşkilat müəssisələrinin direktorları, şöbə və laboratoriya müdirləri tərəfindən hamiliyə götürülməsi haqqında olub. Bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə məlumatları diqqətə çatdırıb. Qeyd olunub ki, yeni işə götürülən əməkdaşlara direktorlar nəzarət etməli, şöbə və laboratoriya müdirləri onlarla iş aparılmalıdırlar.
İclasda 2018-ci ildə keçirilməsi nəzərdə tutulan respublika və bölmə daxili konfranslar haqqında bölmənin Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Orxan Bağırov məlumat verib. O, cari ildə bölmədə keçirilməsi nəzərdə tutulan tədbirlərin qrafikini heyət üzvlərinin diqqətinə çatdırıb.
Orxan Bağırov Bölmənin əməkdaşlarının elmi əsərlərindən ibarət biblioqrafiq göstərici–2017 kitabının hazırlanması vəziyyəti haqqında görülən işlərdən də danışıb.
İclasın sonunda bir sıra cari məsələlərə baxılıb.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi