Akademik İsmayıl Hacıyevin məqaləsi ispan dilli “İRS-Herencia” jurnalında çap olunub

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin məqaləsi ispan dilində çap olunan “İRS-Herencia” beynəlxalq jurnalının bu ilə olan yeni nömrəsində dərc olunub.
“Əlincəqala-Azərbaycanın əyilməzlik simvolu” adlı məqalədə Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus yeri olan Əlincəqala barədə məlumat verilib, Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın fotoşəkilləri yer alıb.
Məqalədə qeyd olunur ki, Əlincəqala Naxçıvan şəhərindən 30 km şərqdə, Culfa rayonunun Xanəgah kəndinin ərazisində, Əlincə çayının sağ sahilində, 1811 metr hündürlüyə malik olan sıldırım Əlincə dağının üzərində yerləşir. Qala bu ərazidə yaşamış “Əlincək” tayfa birliyi tərəfindən eramızdan əvvəl tikilmiş, eramızın V əsrinə qədər bərpa edilmişdir. Əlincək qədim türk boylarından biridir. Əlincə adı isə həmin tayfa birliyinin adından yaranmışdır.
Bildirilir ki, Əlincəqala ən qədim müdafiə qalası və yaşayış yeri olmuşdur. Bu qalanın tarixi Azərbaycan xalqının azadlıq və istiqlaliyyət uğrunda yadelli işğalçılara qarşı apardığı mübarizə tarixi ilə sıx bağlıdır. Əlincəqala haqqında orta əsr mənbələrində çoxlu məlumatlar vardır. Bu mənbələr içərisində Əlincəqalanın adı çəkilən elmə məlum olan ən qədim qaynaq “Kitabi Dədə-Qorqud” dastanıdır. Əlincəqalanın adına dastanın “Uşun Qoca oğlu Səgrək boyunu bəyan edər” boyunda rast gəlinir.
Diqqətə çatdırılıb ki, Azərbaycanın əyilməzlik simvolu, xalqımızın qürur mənbəyi olan Əlincəqala dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdəki digər maddi-mədəniyyət abidələri kimi yüksək dövlət qayğısı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci il tarixində imzaladığı Sərəncama əsasən, muxtar respublika ərazisindəki abidələr qeydə alınıb pasportlaşdırılarkən Əlincəqala haqqında da məlumatlar toplanıb. Əlincəqala Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli qərarı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikası ərazisindəki daşınmaz tarix və mədəniyyət abidələrinin dünya, ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri”nin siyahısına dünya əhəmiyyətli abidə kimi daxil edilib.
Məqalədə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 11 fevral 2014-cü ildə imzaladığı “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncama əsasən, 2014-cü ilin aprel ayında Əlincəqalada bərpa işlərinə başlanıb. Bərpa işləri zamanı qalanın zirvəsinə yol çəkilib, Əlincəqaladakı qədim yaşayış yerləri, təsərrüfat binaları, qala divarları, mühafizə yerləri, səngər və bürclər, su hövzələri tədqiq edilib, onların forması müəyyənləşdirilib. Qala tarixi görkəmi saxlanılaraq bərpa edilib. Həmçinin Əlincə dağının qərb ətəyində, qalaya qalxan yolun kənarında “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi yaradılıb.
Əlincəqalada bərpa-abadlıq işləri başa çatdırılıb və 17 iyun 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iştirakı ilə açılış mərasimi olub.
Akademik İsmayıl Hacıyevin “Əlincəqala-Azərbaycanın əyilməzlik simvolu” adlı məqaləsi dünyanın ispandilli ictimaiyyətinin Naxçıvanın dünya əhəmiyyətli abidəsinin tarixi və orada aparılan bərpa işləri ilə tanış edilməsi baxımından əhəmiyyətli mənbədir.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi