AMЕA Naxçıvan Bölməsinin əməkdaşı AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub

p1c6c882s1c7e1f2k1f3i1ah9eret (1)AMЕA Naxçıvan Bölməsinin böyük elmi işçisi Əfruz Nəsirova elmi fəaliyyətində fərqləndiyinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub. Gənc elmi işçiyə Fərmanı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdim edib.
Qeyd edək ki, Əfruz Nəsirova Bölmənin Bioresurslar İnstitutunun “Nəbatat şöbəsi”nin böyük elmi işçisidir.
Naxçıvan Muxtar Respublikası florasında yayılmış Campanulaceae Juss.-Zəngçiçəyikimilər fəsiləsinə daxil olan növlərin öyrənilməsi, onların fitosenozlarda rolu, nadir növlərin mühafizə yolları və səmərəli istifadə yolları mövzunda gənc tədqiqatçı elmi tədqiqatlar aparıb. Hazırda o, Naxçıvan MR ərazisində Badımcankimilər (Solanaceae Adans.) fəsiləsinin Dəlibəng (Datura L.) cinsinə daxil olan növlərin sistematik tərkibinin, bioloji xüsusiyyətlərinin və yayılma zonalarının öyrənilməsi, fitosenozlarda rolu və introduksiyasının tədqiqi üzərində tədqiqatlar aparır.
Əfruz Nəsirova uğurlu elmi fəaliyyətinə görə ötən il Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə “İlin Gənc Alimi” nominasiyası üzrə mükafata, o cümlədən Azərbaycan gəncləri günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “Diplom” və pul mükafatı ilə təltif olunub.
Həmçinin gənc tədqiqatçı 2017-ci il Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil edərək keçirdiyi Gənc alim və mütəxəssislərin 4-cü xüsusi – “Mənim ilk qrantım” müsabiqəsində “Naxçıvan Muxtar Respublikasının Batabat massivində yayılmış yabanı tərəvəz bitkilərinin genofondunun öyrənilməsi, bərpası və yeni istifadə imkanları” mövzusu ilə Layihədə iştirak edərək qalibi olub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi