Azərbaycan elminə ağır itki üz verib

Tanınmış tarixçi-etnoqraf, Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə martın 8-də 70 yaşında vəfat edib.

Hacı Qadir Qədirzadə 1948-ci il may ayının 20-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. O, 1971-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Azərbaycan Pedoqoji İnstitutu) Naxçıvan filalını bitirmiş, 1971-1975-ci illərdə Cəhri kənd məkyəbində müəllim işləmişdir.

Tarixçi alim 1979-1986-cı illərdə AMEA-nın Regional Elm Mərkəzində (indiki Naxçıvan Bölməsi) kiçik elmi işçi, 1987-1992-ci illərdə Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri, 1992-2002-ci illərdə isə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 2003-cü ildən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini idi.

“Azərbaycanlılarda müasir ailə (Naxçıvan MSSR kənd rayonlarının materialları əsasında) ” mövzusunda namizədlik, “Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr (Naxçıvan materialları əsasında tarixi-etnoqrafik araşdırma)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edən H.Q.Qədirzadə 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdi.

Onun elmi fəaliyyətində ailə-məişət məsələləri, etnik tarix, etnik-mədəni münasibətlər, etnodemoqrafik proseslər, inanclar sistemi,türk xalqları arasında etnogenetik əlaqələrin öyrənilməsi əsas yer tuturdu.

Alim 180-dən artıq elmi əsərin, o cümlədən 18 kitab, 100-ə yaxın elmi-kütləvi məqalənin müəllifi olmuş, dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq konqres, simpozium və konfranslarda məruzələrlə çıxış etmişdir.

H.Q.Qədirzadə zəngin elmi fəaliyyətlə yanaşı, çoxillik pedaqoji təcrübəyə də sahib idi. O, 1997-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim işləyirdi.

Alim gənc kadrların hazırlanması sahəsində də hər zaman fəallıq göstərmiş, onun rəhbərliyi altında 5 fəlsəfə doktoru hazırlanmışdır.

AMEA-nın müxbir üzvü H.Q.Qədirzadə elmdə əldə etdiyi nailiyyətlərə görə 2009-cu ildə ölkə Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Şərəfli ömür yaşamış Hacı Qadir Qədirzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

www.science.gov.az