Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” romanına həsr olunan elmi konfrans keçirilib

IMG_9130
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu bölmənin Elektron kitabxanası ilə birgə tarixi romanların banisi Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” romanına həsr olunan elmi konfrans keçirilib.
Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev xalqımızın qədim mədəni irsinin qorunub yaşadılması, inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, sözügedən sərəncamda yeni nəslin vətənpərvərlik tərbiyəsi və dünyagörüşünü zənginləşdirən, o cümlədən tariximiz, mədəniyyətimizlə bağlı kitablar üstünlük təşkil edir.
Sonra incəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Azərbaycan ədəbiyyatının istiqlal romanı: “Qılınc və Qələm”” mövzusunda məruzə edib. Bildirib ki, Məmməd Səid Ordubadi nəhəng yazıçılıq qüdrətilə Azərbaycan xalqının və dövlətinin tarixi, mübarizə əzmi barəsində sanballı əsərlər yaradıb. Ramiz Qasımov “Qılınc və Qələm” əsərinin bunun bariz nümunəsi olduğunu söyləyib.
Bildirib ki, gənc nəslin vətənpərvər ruhda tərbiyəsində mühüm yeri nəzərə alınmaqla Naxçıvan Muxtar Respubikası Ali Məclisi Sədrinin imzaladığı Oxunması zəruri olan kitablar siyahısına salınması da romanın müzakirəsini yenidən aktuallaşdırır.
Daha sonra həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov, Musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov və Elektron kitabxananın direktoru Sahab Əliyeva çıxış edərək əsərin əhəmiyyətli məziyyətlərindən danışıblar.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi