AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında” 9 aprel 2018-ci il tarixli Sərəncamını xatırladaraq, sənədə əsasən hər il martın 27-nin ölkəmizdə Elm günü kimi qeyd ediləcəyini bildirib. Akademik dövlət başçısı tərəfindən imzalanan Fərman və Sərəncamların ölkəmizdə elmin inkişafına göstərilən yüksək diqqət və qayğının göstəricisi olduğunu vurğulayıb.
Daha sonra İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il sentyabrın 12-də imzaladığı Sərəncama əsasən yaradılan Naxçıvan Duz Muzeyinin açılış mərasimində Ali Məclis Sədrinin çıxışından irəli gələn vəzifələrdən danışıb. Alim Naxçıvan Bölməsinin Naxçıvan duzu ilə bağlı arxeoloji qazıntıların aparılması, Naxçıvan Duzu ilə bağlı kitabın hazırlanması və Naxçıvan duzunun tərkibi haqqında verilən müvafiq tapşırıqları diqqətə çatdırıb.
Tədbirdə İsmayıl Hacıyev Bioresurslar İnstitutunun əməkdaşı, biologiya elmləri doktoru Fatmaxanım Nəbiyevaya 60 illik yubileyi münasibəti ilə bölmənin Fəxri fərmanını təqdim edib.
Akademik Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanı Rusiya Təbiət Elmləri Akademiyasının professoru elmi adına, eyni zamanda, həmin akademiyanın “Elmin qızıl fondu” milli proqramı çərçivəsində “Əməkdar elm və texnika xadimi” fəxri adına layiq görülməsi münasibətilə təbrik edib.
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva “Naxçıvanın eneolit mədəniyyətinin Cənubi Qafqaz üçün əhəmiyyəti” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi Naxçıvanın eneolit abidələri Cənubi Qafqazın eneolit mədəniyyətinin dövrləşdirilməsində mühüm əhəmiyyət kəsb etməsindən bəhs edərək Naxçıvan ərazisində qeydə alınan Erkən eneolit dövrünə aid abidələrdən ətraflı danışıb. Qeyd edib ki, Cənubi Qafqazda eneolit dövrünə aid ilk tapıntı ötən əsrin 50-ci illərində Osman Həbibullayev tərəfindən I Kültəpədə aşkar olunub. Tarixçi alim Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dəstəyi ilə 2006-cı ildən ərazidə aparılan geniş miqyaslı tədqiqatlardan bəhs edərək Ovçulartəpəsi, Uçan ağıl, Şorsu, Yeni yol, Zirincli kimi abidələrdə eneolit dövrünə aid materialların üzə çıxdığını bildirib. Vurğulayıb ki, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə bölmədə yaradılan yerli ekspedisiya və Azərbaycan-Fransa ekspedisiyası tərəfindən aparılan arxeoloji tədqiqatlar tariximizin öyrənilməsi və dünyada təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
İclasda AMEA-da elmi jurnalların nəşrinin təkmilləşdirilməsi məsələsinə də baxılıb. Bölmənin elmi nəşrləri olan “Xəbərlər” və “Axtarışlar” jurnallarının müasir tələblərə uyğun olaraq xarici dillərdə də nəşr edilməsi qərara alınıb.
Gündəliyə çıxarılan növbəti məsələ bölmənin doktorant və dissertantlarının elmlər və fəlsəfə doktorluğu dissertasiyalarının mövzularının Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasında təsdiq edilməsi ilə bağlı olub. Bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə bu barədə iştirakçılara məlumat verib. Bildirib ki, Naxçıvan Bölməsinin Əsasnaməsinə uyğun olaraq bölməyə 2006-cı ildən etibarən doktorant və dissertantların qəbulu prosesinə başlanılıb. Bununla əlaqədar olaraq “Azərbaycan” qəzetinin 25 noyabr 2016-cı il tarixli sayında elan dərc edilib. Bölmə əməkdaşlarının müvafiq ixtisaslar üzrə yerlər tutduğu qeyd olunaraq bildirilib ki, 12 nəfər fəlsəfə doktoru iddiaçısından 6 nəfər, 4 nəfər elmlər doktorluğundan elmlər doktorluğu üzrə 1 nəfər çıxarış alıb.
Sonda bir sıra kadr və cari məsələlərə baxılıb.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi