İxtirasına görə gənc alimə diplom və mükafat təqdim olunub

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun “Sorbsiya prosesləri” laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın “Tomsonit tipli seolitin alınma üsulu” ixtirası Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən keçirilən ixtiraçılıq sahəsində beşinci respublika müsabiqəsinin diplom və mükafatına layiq görülüb.
Yerli xammal əsasında müxtəlif quruluş tipli seolitlərin və yüksək temperatura davamlı istilik izolyasiya materiallarının sintezi və tədqiqi gənc alimin əsas elmi nailiyyətlərindəndir. Günel Məmmədovanın ixtirasında yerli xammal əsasında gil mineralı–qalluazit və Nehrəm yatağı dolomitdən tomsonit tipli seolitin alınması, prosesin mülayim şəraitdə aparılmasından bəhs olunub. Alimə görə yerli xammaldan istifadə xaricdən olan asılılığı azaldar və ölkənin bu sahədə sənayesinin inkişafına stimul yaradar.
Qeyd edək ki, seolitlər üç vacib problemin həllində mühüm rol oynayır. Effektiv enerjini qoruyan proseslərin inkişafında, kənd təsərrüfatı məhsullarının məhsuldarlığının artırılmasında, sənaye və urbaniləşmənin inkişafı nəticəsində yaranan ekoloji problemlərin həllində. Unikal tərkibinə görə seolitlər heç bir əlavə və konservant olmadan uzun müddət saxlanılmasına baxmayaraq özünün qiymətli xassələrini qoruyub saxlayır.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi