Naxçıvan Azərbaycanın dövlətçilik tarixində adlı monoqrafiya işıq üzü görüb

234 001
AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyevin müəllifi olduğu “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı monoqrafiya nəşr olunub.
Monoqrafiyada Naxçıvanın Azərbaycanda dövlətin yaranmasınadək olan dövrdəki mövqeyi, dövlətyaranma prosesindəki rolu, Azərbaycanın qədim və orta əsrlər dövründəki dövlətlərlə münasibət və əlaqələri, Naxçıvan xanlığının Rusiya imperiyası tərəfindən işğalı, Azərbaycan Xalq Cümhuriyyəti dövründəki vəziyyəti, Naxçıvanın muxtariyyətləşdirilməsi, onun Azərbaycanın dövlət müstəqilliyinin yenidən əldə edilməsi uğurundakı mübarizəsi, eyni zamanda, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü, müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının Azərbaycan dövlətçiliyindəki yeri və digər mövzular tədqiqata cəlb edilib.
“Elm” nəşriyyatında çap olunan kitab giriş, səkkiz fəsil, nəticə, biblioqrafiya, şəxsi, coğrafi adlar göstəricisi və əlavələrdən ibarətdir.
AMEA-nın müxbir üzvləri-Fəxrəddin Səfərlinin və Vəli Baxşəliyevin rəyi, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin elmi redaktorluğu ilə işıq üzü görən monoqrafiya Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində yeri və mövqeyindən bəhs edən ilk sistemli tədqiqat əsərdir.
Fundamental əsərdə Azərbaycan, türk, rus və ingilis dillərində 529 ədəbiyyat və internet materiallarından istifadə olunub.
“Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı monoqrafiya tarixçi və tədqiqatçılar, ictimai elm nümayəndələri, eləcə də Azərbaycanın dövlətçilik tarixi ilə maraqlananlar üçün dəyərli vəsaitdir.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi