Arxeologiya və Etnoqrafiya Muzeyində tələbələr üçün açıq dərs keçirilib

IMG_9684
AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən Arxeologiya və Etnoqrafiya Muzeyində Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasının III kurs tələbələri üçün açıq dərs keçirilib.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva açıq dərsdə Naxçıvanın qədim və zəngin tarixini əks etdirən və regionun müxtəlif ərazilərində aparılan arxeoloji qazıntılar nəticəsində əldə olunan maddi-mədəniyyət nümunələri haqqında məlumat verib.
Tələbələrin diqqətinə çatdırılıb ki, muzeyin ekspozisiyasına toplanılan eksponatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və paspоrtlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci ildə imzaladığı tarixi sərəncam əsasında 2006-2017-ci illərdə bölgənin müxtəlif ərazilərində aparılan tədqiqatlar və arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələridir.
Neolit, Eneolit, Tunc, Dəmir, Antik və Orta əsrlər dövrünə aid eksponatlar, geyim və məişət əşyaları və Naxçıvan Muxtar Respublikasının Ali Məclis Sədrinin muzeyə bağışladığı bu diyarın 90 illik yubileyi münasibətilə təsis olunmuş medallar tələbələrin marağına səbəb olub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi