Hüseyn Cavidin böyük istedadla yazdığı dramatik əsərləri Azərbaycan ədəbiyyatının qızıl fondunu təşkil edir

AMEA Naxçıvan Bölməsində XX əsr Azərbaycan və dünya romantizminin görkəmli nümayəndəsi, dahi dramaturq Hüseyn Cavidin “Azər” poemasına həsr olunan elmi konfrans keçirilib.
Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək ədibin həyat və yaradıcılığından, o cümlədən ölkəmizdə Cavid irsinə, faciələrlə dolu ömür yaşayan Cavidlər ailəsinə göstərilən diqqət və qayğıdan danışıb.
Dilçi alim Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamını xatırladaraq, tövsiyə olunan nəşrlər sırasında Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifi olan Hüseyn Cavidin “Azər” poemasının da yer aldığını bildirib.
Konfransda İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Görkəmli Azərbaycan şairi Hüseyn Cavid və onun “Azər” poeması”, Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov Hüseyn “Cavidin Şəmsası Mopassanın Gonbuluna qarşı”, Musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov “Hüseyn Cavidin “Azər” poeması səhnədə” mövzusunda məruzələrlə çıxış ediblər.
Qeyd olunub ki, Hüseyn Cavidin böyük istedadla yazdığı zəngin dramatik əsərləri Azərbaycan ədəbiyyatının qızıl fondunu təşkil edir. Hər bir əsərində humanist ideyalarla çıxış edən görkəmli dramaturq bütün bəşəriyyətin xilası və nicatını məhəbbətdə, sülh və barışda görüb. Bu baxımdan ədibin “Azər” poeması da sülhə, humanizmə, ədalətə inam və çağırışlar ifadə edən sanballı əsərdir.
Vurğulanıb ki, Hüseyn Cavidin “Azər” poemasının Naxçıvan Muxtar Respubikası Ali Məclisi Sədrinin imzaladığı Sərəncamla “Oxunması zəruri olan kitablar siyahısı”na düşməsi böyük mütəfəkkirə olan dövlət qayğısının davamı və bariz nümunəsidir. Gələcək nəsillər bu əsəri mütaliə etdikcə Cavid sənəti ilə keçmişimizə və xalqımızın taleyinə daha dərindən nüfuz edəcək.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi