“Azərbaycan ampeloqrafiyası” kitabının I cildinin təqdimatı olub

98 001
AMEA Naxçıvan Bölməsində “Azərbaycan ampeloqrafiyası” adlı kitabın I cildinin təqdimat mərasimi keçirilib.
Tədbiri Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq üzümçülüklə məşğul olanlar üçün qiymətli vəsait оlan nəşrin elmi dəyərindən danışıb. Bildirib ki, kitabın müəllifləri-aqrar elmlər üzrə elmlər doktoru, dosent Varis Quliyev, texnika elmlər üzrə elmlər doktoru, dosent Tariyel Pənahov, AMEA-nın müxbir üzvü Maqsud Qurbanov və aqrar elmlər üzrə fəlsəfə doktorları-Vüqar Səlimov, Mirzə Musayev, Hüseyn İdrisov və Cabbar Nəcəfovdur.
Qeyd olunub ki, əsər Azərbaycanda üzümçülüyün elmi əsaslar üzərində inkişaf etdirilməsinə, genişləndirilməsinə, iqtisadi səmərəliliyinin yüksəldilməsinə, üzüm genofondunun ampeloqrafik tədqiqinə həsr edilən ilk fundamental əsərdir.
Daha sonra Bölmənin Bioresurslar İnstitutunun Dənli, taxıl, paxlalı və texniki bitkilər laboratoriyasının rəhbəri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayevin “Azərbaycan üzümçülüyünə dair dəyərli əsər” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, Prezident İlham Əliyevin 15 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” və 3 may 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”na əsasən ölkədə geniş təşkilati işlər aparılır.
Qeyd olunub ki, üzüm genofondunun qorunması və tədqiqi, sort tərkibinin daha iqtisadi səmərəli süfrə və texniki sortlarla zənginləşdirilməsi, istifadə ediləcək sortların bioloji və təsərrüfat xüsusiyyətlərinin qiymətləndirilməsi, xüsusilə müxtəlif vaxtlarda yetişən, yüksək rentabelli, şaxtaya, xəstəlik və ziyanvericilərə nisbətən dözümlü yeni sortların əkin dövriyyəsinə əlavə edilməsi və istifadəsi üçün səmərəli təkliflərin işlənib hazırlanması ən aktual problemlərdən biridir. Bu baxımdan yeni nəşr mühüm elmi-praktiki əhəmiyyətə malikdir. Ona görə də “Azərbaycan ampeloqrafiyası” kitabı istehsalatda istifadə edilən üzüm sortlarının əvvəlcədən aqrobioloji və iqtisadi göstəricilərinin əldə olunması üçün əvəzedilməz elmi mənbədir.
Alim bildirib ki, Azərbaycanda ampeloqrafik tədqiqatlar və üzümçülüyün tarixi inkişaf yolu, müasir vəziyyəti, əsas üzümçülük bölgələri, imkanlar və perspektivlərin araşdırıldığı 740 səhifəlik əsərdə 16 kişmiş, 70 aborigen süfrə sortunun tam şəkildə ampeloqrafik təsvirləri və fotoşəkilləri verilib. Kitabın əsas bölmələri Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərində oxuculara təqdim olunur. “Azərbaycan ampeloqrafiyası” digər xalqların da istifadə edə bilməsi üçün üzümçülük üzrə beynəlxalq miqyasda qəbul edilmiş üzümün əsas genetik əlamətlərinin şifrələnmiş sistem əsasında tərtib edilib. Şifrələrin də açarı rus və ingilis dillərində verilib ki, bu da dünya miqyasında ampeloqrafiya elminin yeni bir sahəsini, “Rəqəmsal ampeloqrafiya”nın əsasını qoyur.
Sonra akademik Tariyel Talıbоv, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev, akademik Həsən Əliyev adına “Araz” Elmi İstehsalat Birliyinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Bəhruz Bayramov, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliynin şöbə müdiri Əsgər Həsənov və digərləri çıxış edərək nəşrin müasir dövr üçün aktuallığından söz açaraq müəllifləri bu münasibətlə təbrik ediblər.
Sonda nəşrin müəlliflərdən olan aqrar elmlər üzrə elmlər doktoru, dosent Varis Quliyev çıxış edərək tədbir təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi