Naxçıvan Bölməsinin yaranma tarixi

Elmin inkişafını daim diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında 1003 №-li tarixi sərəncam imzalayıb. Qeyd olunan sərəncama müvafiq olaraq, AMEA Naxçıvan Bölməsində 6 elmi tədqiqat institutu-Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı nəticəsində Naxçıvan Bölməsi üçün iki üçmərtəbəli bina ayrılıb. 2005-ci ildə Bölmənin Bioresurslar İnstitutunun müasir tələblərə cavab verən binası, 2010-cu ildə isə İnstitutun Biokimyəvi Tədqiqatlar laboratoriyasının binası istifadəyə verilib. Ötən dövr ərzində Bölmənin Batabat Astrofizika Rəsədxanası üçün yeni bina tikilib, “Nəbatat bağı” yenidən qurulub, Bölmə Beynəlxalq İnternet Şəbəkəsinə qoşulub, elektron kitabxana və 4 elektron portal yaradılıb.
2005-ci ildə Bölmədə “Tusi” adlı nəşriyyat fəaliyyətə başlayıb və ilk olaraq Gəmiqaya ilə bağlı xüsusi nömrə çapdan çıxıb. Ötən dövr ərzində iki seriyada nəşr olunan Bölmənin “Xəbərlər” və “Axtarışlar” jurnalları işıq üzü görüb.
Bölmədə Naxçıvanın tarixi, etnoqrafiyası, arxeologiyası, ədəbiyyatı, folkloru, bioresursları, təbii ehtiyatlarının araşdırılmasında elmi istiqamətlər müəyyən edilib müvafiq profillərə uyğun elmi-tədqiqat işləri yerinə yetirilərək mühüm nəticələr əldə olunub. Bölmənin 2 cilddə “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan abidələr ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, 3 cilddə “Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”, 3 cilddə “Naxçıvanın folkloru antologiyası”, 2 cilddə “Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Naxçıvan Muxtar Respublikasının fövqəlada hallar atlası”, (üç dildə) “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas, 2 cilddə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” kimi fundamental nəşrləri işıq üzü görüb.
Ümumiyyətlə, Bölmənin fəaliyyəti dövründə əməkdaşların 186 monoqrafiyası, 202 kitabı, 21 metodik vəsaiti, 7430 elmi məqaləsi, 209 tezisi, 17 xəritəsi, 3 atlası çap olunub. Bölmə əməkdaşları 5 tövsiyə, 37 buklet hazırlanıb, 28 patent alınıb. Əsərlərdən 18 monoqrafiya, 18 kitab, 1555 məqalə, 67 tezis xaricdə çapdan çıxıb. Ötən fəaliyyət dövründə Bölmə əməkdaşları 3-ü Beynəlxalq olmaqla 20 qrant layihəsinin qalibi olub.