Naxçıvan Bölməsində dünya ədəbiyyatının tanınmış siması Gi De Mopassanın “Gonbul” əsərinin müzakirəsi olub

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu bölmənin Mərkəzi Elmi Kitabxanası ilə birgə oxunması zəruri olan kitablar siyahısına daxil olan Gi De Mopassanın “Gonbul” əsərinin müzakirəsini keçirib.
Tədbirdə Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov çıxış edərək dünya ədəbiyyatının tanınmış siması Gi De Mopassanın həyat və yaradıcılığından danışıb. Natiq gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və dünyagörüşlərinin artırılmasında önəmli rolu olan “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamının əhəmiyyətindən bəhs edərək, tövsiyə olunan nəşrlər sırasında Azərbaycanın klassik və müasir ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin də yer aldığını bildirib.
Daha sonra bölmənin Mərkəzi Elmi Kitabxanasının direktoru Sahab Əliyevanın “Gi De Mopassanın həyat və yaradıcılığına qısa bir baxış” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi bildirilib ki, XIX əsrin ən mahir təsvirçisi, romantik çalarlar fonunda həyatı realistcəsinə qələmə almağı bacaran söz ustası, aydın, səlis və axıcı dil ilə oxucuların qəlbinə yol tapan məşhur fransız yazıçısı Gi De Mopassanın artıq iki əsrə yaxındır ki, əsərləri sevilərək oxunur. Yazıçının “Axsaq xala”, “Olmuş əhvalat”, “Batmış gəminin qalıqları”, “İntizar”, “On birinci otaq”, “Boyunbağı”, “Ata-ana qatili”, “Simonun atası”, “Pyero”, “Ay işığı”, “Madmazel Fifi”, “Daş-qaş”, “Həsirçi qadın”, “Qəbirbazlar”, “Martina” və digər hekayələri maraqla oxunan əsərlərdəndir. Onun “Qisas”, “Görüş”, “Daş-qaş”, “İvetta”, “Vəsiyyət” kimi novellalarında məhəbbətə, mənəvi-əxlaqi keyfiyyətlərə yüngül münasibət kəskin tənqid olunub. Məzlum, sadə insanların obrazı isə “Avara”, “Şkaf”, “Dilənçi”, “Simonun atası”, “Martenin qızı” hekayələrinin əsas mahiyyətini təşkil edir. Vətənpərvərlik motivləri isə müəllifin “Gonbul”, “Madmuazel Fifi”, “Milon dayı”, “İki dost” əsərlərində daha qabarıqdır.
Qeyd olunub ki, Mopassan dövrünün ictimai-siyasi hadisələrinə qarşı laqeyd qalmayaraq qəbahət və cinayətləri, insanların əzab və iztirablarını, ictimai bəlalarını amansızlığını qələmə aldığı əsərlərində təsvir edərək tənqid edib.
Tədbirdə Əlyazmalar Fondunun Əlyazmaların toplanması şöbəsinin elmi işçisi Nicabət İsmayılova və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin kiçik elmi işçisi Aysel Eminova mövzu ətrafında çıxış ediblər.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi