Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Alim Vikipediya virtual ensiklopediyanın əhəmiyyətindən söz açaraq, bu sahədə bölmə əməkdaşlarının fəaliyyətinin gücləndirilməsinin zəruriliyini qeyd edib. Bölmə sədri əməkdaşlarının elmi nəşrlərinin Vikipediya ensiklopediyasına daxil edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
İsmayıl Hacıyev viki-mühitdə Naxçıvan Muxtar Respublikası ilə bağlı bağlı hazırlanan materialların ingilis, rus və digər dillərdə olmasının vacibliyini önə çəkib.
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun “Xalçaşünaslıq” elmi-tədqiqat qrupunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyevanın “Naxçıvanda xalçaçılıq sənətinin meydana gəlməsi və inkişaf yolları” mövzusunda elmi məruzəsi dinlənilib. Naxçıvan xalçaçılıq sənətinin çox qədim tarixə və ənənələrə malik olduğunu deyən məruzəçi qeyd edib ki, Naxçıvan bölgəsindəki I Kültəpə ərazisində arxeoloq Osman Həbibullayev tərəfindən arxeoloji qazıntılar zamanı Neolit və Eneolit dövrünə aid toxuculuq məmulatların, tunc dövrünə aid edilən toxuculuq dəzgahlarının tapılması bu sənətin qədimliyini təsdiq edir. O, Ordubad rayonunda yerləşən Plovdağ, Sumbatan və Xaraba-Gilan ərazisində arxeoloq Bəhlul İbrahimlinin rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar zamanı bir sıra maddi-mədəniyyət məmulatları arasında parça və xalça qalıqlarına rast gəlindiyini söyləyib.
Sara Hacıyeva qeyd edib ki, Azərbaycan sənətkarlığının yüksək səviyyədə inkişaf etdiyi orta əsrlər dövründə Naxçıvan xalçalarının özünəməxsus dəsti-xətti olub. Bu diyarda toxunulan ən qədim xalça növlərindən biri Zili hesab edilir. XIII əsrin zəngin qaynaqlarından sayılan “Əcaib-əl-dünya” (Dünya möcüzələri) əsərində xovsuz zili xalçalardan söhbət açılır. XII- XIII əsrlərdə Azərbaycanda olan əcnəbi alim və səyyahlar da el sənətkarlarından bəhs edərkən burada yüksək keyfiyyətli xalçaların toxunduğunu və bir sıra ölkələrə ixrac olunduğunu bildiriblər.
Diqqətə çatdırılıb ki, Naxçıvanda xalça istehsalı XVIII əsrdən başlayaraq yüksək inkişaf dövrünə qədəm qoyub. Xarici bazarlarda xalça məmulatına tələbatın kəskin şəkildə artması bu sənət sahəsinin, xüsusilə XIX əsrdə daha geniş vüsət almasına gətirib çıxarıb. XIX əsrin ortalarına aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Naxçıvan diyarında xeyli miqdarda xovlu və xovsuz xalça məmulatları istehsal edilib. Azərbaycanda, o cümlədən də Naxçıvanda XVI-XVII əsrlərdə süjetli xalçalar və əsasən ovçuluq səhnələrini əks etdirən xalçalar toxunub. Bu xalçalardan biri hazırda İngiltərədə, Londonun Viktoriya və Albert muzeyində nümayiş etdirilir.
Məruzəçi Prezident cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən xalça sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı imzalanan sərəncamların əhəmiyyətindən danışaraq qeyd edib ki, həmin sənədlər xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli milli-mənəvi dəyərlərimizə mühüm töhfədir.
İclasda bölmənin bir sıra institutlarında yeni təyin olunan kiçik elmi işçilərin direktorlar tərəfindən hamiliyə götürülməsi ilə bağlı olub. Bununla bağlı elmi-tədqiqat institutlarının direktorları məlumat verib. Bildirilib ki, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutuna 1, İncəsənət, Dil və Ədəbiyyat İnstitutuna 3, Təbii Ehtiyatlar İnstitutuna 3, Bioresurslar İnstitutuna isə 2 nəfər kiçik elmi işçi vəzifəsinə keçirilib.
Bölmə rəhbəri institut direktorlarına yeni təyin olunan kiçik elmi işçilərə diqqətin artırılması tapşırığını verib.
Sonra Rəyasət Heyətinin qərarı ilə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Zülfüqarov bölmənin Rəyasət Heyətinə, böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimov isə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutuna elmi katib təyin olunublar.
Sonda bir sıra cari məsələlər müzakirə edilib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi