Naxçıvan Bölməsində akademik Tariyel Talıbovun 70 illik yubileyi qeyd olunub

AMEA Naxçıvan Bölməsində görkəmli bioloq-alim, Əməkdar elm xadimi, Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun 70 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Tariyel Talıbovun mənalı ömür yoluna, zəngin elmi-pedaqoji fəaliyyətinə nəzər salıb. Bildirib ki, görkəmli alim bütün ömrünü Naxçıvan Muxtar Respublikasının flora və fauna biomüxtəlifliyinə, müasir vəziyyətinə, faydalı bitki sərvətlərinə, nadir, endemik, nəsli kəsilmək təhlükəsi altında olan bitki növlərinə, onların səmərəli istifadə olunması və mühafizəsinə həsr edib. Onun apardığı tədqiqat işləri 55 monoqrafiya və kitabda, 300-ə yaxın elmi məqalədə, o cümlədən patent və xəritədə əksini tapıb. Bununla yanaşı, bioloq alim bölmədə hazırlanan 2 cildlik “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabları”, 2 cildlik “Naxçıvan Muxtar Respublikasının coğrafiyası”, 2 cildlik “Naxçıvan Ensiklopediyası”, Azərbaycan və rus dilində ”Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Naxçıvan Muxtar Respublikasının flora biomüxtəlifliyi və onun nadir növlərinin qorunması” və digər ümumiləşdirici fundamental elmi nəşrlərin müəlliflərindən biridir.
Bölmə sədri qeyd edib ki, ölkə hüdudlarından kənarda da tanınan və elmi əsərlərindən istifadə edilən akademik Tariyel Talıbovun rəhbərlik etdiyi Bioresurslar İnstitutunda son 15 ildə 6 elmlər, 21 nəfər fəlsəfə doktoru hazırlanıb.
Diqqətə çatdırılıb ki, bioloq alim tərəfindən noxudun “Qaraca-85” və arpanın “Qılçıqlı-85” sortları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilib. Onun rəhbərliyi ilə muxtar respublikada dənli taxıl və paxlalı bitkilər üzrə ilk dəfə olaraq yeni sortun alınmasına nail olunub.
Bildirilib ki, Tariyel Talıbov çoxillik səmərəli elmi, elmi-təcrübi və təşkilatçılıq fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülüb. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, AMEA Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilib, “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Bundan başqa, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar “Yubiley qızıl medalı” ilə mükafatlandırılıb. Həmçinin təbiət elmləri sahəsində əldə etdiyi fundamental və tətbiqi elmi nəticələrə görə AMEA-nın Həsən bəy Zərdabi adına mükafata layiq görülüb.
İsmayıl Hacıyev qeyd edib ki, görkəmli alim 2006-cı ildən Beynəlxalq Təbiəti Mühafizə Fondunun Qafqaz ekoregionu üzrə Azərbaycandan biomüxtəlifliyin mühafizəsi üzrə Ekspert Şurasının üzvüdür. Hazırda həmin fondun “Cənubi Qafqazda bəbirlərin mühafizəsi” layihəsinə rəhbərlik edir. O, Qafqaz ekoregionunda bəbirin monitorinqinə dair apardığı uğurlu və fundamental tədqiqatları nəticəsində Beynəlxalq Təbiəti Mühafizə Fondu tərəfindən xüsusi sertifikat və döş nişanı ilə təltif edilib. Eyni zamanda elm sahəsində səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 fevral tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif olunub.
Daha sonra İsmayıl Hacıyev çoxillik və səmərəli fəaliyyətinə görə Tariyel Talıbova bölmənin Fəxri fərmanını təqdim edib.
Tədbirdə AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərli, Saleh Məhərrəmov, Əliəddin Abbasov, Əbülfəz Quliyev və biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov çıxış edərək bioloq alimi 70 illik yubileyi münasibəti ilə təbrik edib, ona can sağlığı və elmi fəaliyyətində uğurlar arzulayıblar.
Sonda yubilyar çıxış edərək əməyinə verilən yüksək qiymətə görə Naxçıvan Muxtar Respublikasının Ali Məclis Sədrinə, həmçinin tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib.
Tədbirdə görkəmli alimin elmi əsərləri, kitab və monoqrafiyaları, tərtib etdiyi xəritələr və patentləri sərgilənib, eyni zamanda müxtəlif illərdə çəkilən fotoşəkilləri videogörüntü vasitəsilə nümayiş olunub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi