Naxçıvan florasının nadir növlərindən bəhs edən interaktiv dərs keçirilib

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhil məktəblərinin şagirdləri üçün növbəti “İnteraktiv açıq dərs” keçirilib.
Dərsdə Bölmənin Bioresurslar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Namiq Abbasov “Naxçıvan Muxtar Respublika florasının nadir növləri və onların mühafizəsi” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində ölkəmizdə və eyni zamanda muxtar respublikamızda təbiətin və təbii ehtiyatların mühafizəsi istiqamətində həyata keçirilən tədbirdən danışıb.
Bu istiqamətdə Prezident İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri tərəfindən imzalanan fərman və sərəncamlar şagirdlərin diqqətinə çatdıran alim bildirib ki, nadir, relikt, endemik bitki və heyvan növlərinin qorunmasında həmin sənədlərin böyük rolu var.
Namiq Abbasov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 15 avqust 2006-cı il tarixli Sərəncamına əsasən, ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı kitab”lar nəşr edilib. Vurğulayıb ki, 202 bitki növünün daxil edildiyi kitabın ikinci cildi nadir növlərin müasir vəziyyətinin müəyyənləşdirilməsindən başqa, həm də bitkiçiliyin elmi əsaslarla öyrənilməsi, səmərəli və davamlı istifadə olunması, qorunub saxlanılmasında da mühüm əhəmiyyətə malikdir.
Açıq dərsdə muxtar respublika florasının nadir növlərin yayılması, bitdiyi yer, təbii ehtiyatı, çoxalması, bioloji xüsusiyyətləri, qəbul edilən və zəruri qorunma tədbirləri ilə bağlı ümumi məlumat verilib. Bildirilib ki, diyarın təbii sərvətlərinin özünəməxsus xüsusiyyətlərinin öyrənilməsi, faydalı bitkilərin introduksiyası və onlar üzərində geniş miqyasda elmi-tədqiqat işlərinin aparılması Bioresurslar institutunun qarşısında duran əsas vəzifələrdən biridir.
Alim, həmçinin institut əməkdaşları tərəfindən ekspedisiyalar zamanı təbiətdə çəkilən nadir növlərin şəkillərini video slayd vasitəsilə şagirdlərin diqqətinə çatdırılıb.
Qeyd edək ki, açıq dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil müəssisələrində izlənilib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi