“Naxçıvan şəhərinin epiqrafik abidələri” monoqrafiyasının təqdimatı keçirilib

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvan şəhərinin epiqrafik abidələri” adlı monoqrafiyasının təqdimatı keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Naxçıvan şəhərinin epiqrafik abidələri barədə məlumat verib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası ərazisində xeyli sayda epiqrafik abidələr olsa da müstəqillik illərinə qədər sistemli şəkildə tədqiqata cəlb edilməyib.
Akademik bu gün tarixi mədəniyyət abidələri, o cümlədən memarlıq nümunələrinin dövlət qayğısı ilə əhatə olunduğunu, qorunub saxlanılması, bərpası və təbliği istiqamətində bir sıra işlərin görüldüyünü xatırladıb. O, Naxçıvan Muxtar Respublikasının Ali Məclis Sədrinin 6 dekabr 2005-ci il tarixli “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamına əsasən, 2006-cı ildən etibarən regiondakı abidələrin sistemli şəkildə öyrənildiyini söyləyib.
Daha sonra institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin “Naxçıvan şəhərinin epiqrafik abidələri kitabı haqqında bir neçə söz” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, əsərdə Naxçıvan şəhərində zəmanəmizədək gəlib çatan memarlıq abidələrinin üzərində qalan kitabələrlə yanaşı, vaxtı ilə tədqiqatçılar tərəfindən tədqiq olunan, lakin müəyyən səbəblərdən bu günümüzədək gəlib çatmayan bir neçə kitabə, həmçinin Yusif Küseyr oğlu türbəsi, Möminə xatın türbəsi, Qoşa minarəli baştağ, Naxçıvan şəhər İmamzadəsinin və Naxçıvan şəhər Came (Cəfəriyyə) məscidinin kitabələri, eləcə də Naxçıvan Dövlət Tarix Muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və Açıq Səma Altında Muzeydə nümayiş etdirilən epiqrafik abidələrlə bağlı məlumatlar yer alıb. O, kitabələrin Azərbaycan dilinə mətn tərcüməsinin və onların şəkillərinin nəşrə daxil edildiyini deyib.
Təqdimat mərasimində institutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları-Asəf Orucov və Toğrul Xəlilov sözügedən monoqrafiyanın elmi dəyərindən söz açıblar.
Sonda müəllif çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi