ƏMƏKDAŞLARIMIZ NAXÇIVAN DÖVLƏT TELEVİZİYASININ EFİRİNDƏ

Əməkdaşlarımız Naxçıvan Dövlət Televiziyasında

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fələsəfə doktoru, dosent Ramiz Qasımovun aparıcısı olduğu “Söz məclisi” musiqili, ədəbi-veriliş tamaşaçılar arasında olduqca böyük maraqla qarşılanıb. Naxçıvan Dövlət Televiziyasının efirində yayımlanan bu musiqili ədəbi-bədii veriliş Azərbaycan xalqının zəngin söz sərvəti, görkəmli yaradıcı simaları haqqında geniş müzakirələrlə televiziya tamaşaçılarının görüşünə gəlir. Muxtar respublikanın sanballı alim və yaradıcı insanlarının qonaq qismində qatıldığı bu verilişdə maraqlı söhbətlər, müzakirələr və təhlillər aparılır.

İndiyə qədər xeyli sayda nömrəsi yayımlanan verilişin növbəti sayı görkəmli ictimai-siyasi xadim, istedadlı ədib Nəriman Nərimanova həsr olunub. Verilişin qonaqları AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları: filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova və Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə elmlər doktoru Sevinc Abbasova olub.

Nəriman Nərimanova həsr olunan verilişdə bu görkəmli şəxsiyyətin Azərbaycanın ədəbi mühiti, mədəni inkişafı, elmin, təhsilin inkişafındakı xidmətləri, ictimai-siyasi fəaliyyəti müzakirə edilmiş, maraqlı fikir, mülahizə və faktlar təqdim olunmuşdur. Qeyd edək ki, bu veriliş internet üzərindən Naxçıvan Dövlət Televiziyasının səhifəsindən bütün dünyaya yayımlanır.