NAXÇIVAN BÖLMƏSİNİN “ELMİ ƏSƏRLƏR” JURNALININ NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının ictimai və humanitar elmlər seriyasına həsr edilən növbəti sayı çapdan çıxıb.
Nəşrin sayca üçüncü nömrəsində Tarix və siyasət, Arxeologiya və etnoqrafiya, Azərbaycan dili, Folklor və ədəbiyyat, İncəsənət, İqtisadiyyat adlı bölmələrdə elm və təhsil müəssisələrində çalışan əməkdaşların əldə etdiyi yeni elmi nəticələr əksini tapıb.
Jurnalda “Moskva müqaviləsi və Naxçıvanın Azərbaycanın himayəsində muxtar ərazi statusu”, “Nadir şahın hakimiyyəti illərində Naxçıvanda siyasi vəziyyət”, “Naxçıvan diyarında torpaq mülkiyyət formaları (XVIII-XIX əsrlərdə)”, “Naxçıvankı Son Tunc dövrünə aid arxeoloji abidələrdən aşkar olunmuş gil möhürlər haqqında”, “Folklor motivləri Cəlil Məmmədquluzadə yaradıcılığı və “Molla Nəsrəddin” jurnalında milli oyanışa çağırış üsulu kimi”, “Ərtoğrol Cavidin həyatı və yaradıcılıq yolu” və digər başlıqlı məqalələri yer alıb.
Yubileylər bölməsində isə tanınmış epiqraf alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin 70 illik yubileyi ilə əlaqədar “Görkəmli alim, bacarıqlı elm təşkilatçısı” adlı geniş məqalə dərc olunub. Məqalədə görkəmli alimin elmi, pedaqoji fəaliyyətindən, uzun illər ərzində apardığı elmi-tədqiqatlarından və onun tarix elminin inkişafındakı xidmətlərindən bəhs olunur.
Xeberler_jurnali