“NAXÇIVANDA TUNC DÖVRÜ” MÖVZUSUNDA İNTERAKTİV AÇIQ DƏRS KEÇİRİLİB

IMG_2922

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün interaktiv açıq dərs keçirilib.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Naxçıvan Tunc dövründə” mövzusunda şagirdlərə dərs danışıb.
Tuncun kəşf olunması ilə bəşər cəmiyyətinin yeni bir dövrü – Tunc dövrünün formalaşdığını vurğulayan tədqiqatçı adı çəkilən dövr haqqında ətraflı məlumat verərək qeyd edib ki, Azərbaycan arxeologiyasında Erkən Tunc dövrü “Kür-Araz mədəniyyəti” adı ilə tanınır. Azərbaycan tarixində bu dövrün e.ə. IV minilliyin ikinci yarısından III minilliyin sonuna qədər olan mərhələni əhatə etdiyi qeyd edilsə də, son dövrlərdə Naxçıvan Muxtar Respublikası ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində sübut olunmuşdur ki, Erkən Tunc dövrü Naxçıvanda daha qədimdir.
Amerikan və yerli arxeoloqların apardıqları ekspedisiyalar və əldə edilmiş dəlillərə əsasən Naxçıvan diyarında Kür-Araz mədəniyyəti üç mərhələyə bölünmüş və birinci mərhələnin keramikası “Proto Kür-Araz keramikası” adlandırılmışdır. Dərs zamanı şagirdlərə Azərbaycan arxeologiyasında “Boyalı qablar mədəniyyəti” kimi tanınan Orta Tunc dövrü, onun xarakterizə olunduğu qruplar, xronoloji inkişaf mərhələləri haqqında ətraflı məlumat verilib. Tunc dövrünün son mərhələsindən bəhs edən alim tədqiqatlar nəticəsində Naxçıvanda bu dövrün e.ə. XIV əsrdən deyil, e.ə. XV əsrdən etibarən formalaşdığını diqqətə çatdırmış və bu elmi yenilikləri arxeoloqların uğuru kimi qiymətləndirmişdir.
Bu dövrə aid tikililər, maddi-mədəniyyət abidələri haqqında şagirdlər ətraflı məlumatlandırılmış və vurğulanmışdır ki, Naxçıvanın əlverişli təbii-coğrafi şəraiti qədim insanların burada məskunlaşması üçün xüsusi önəm daşımış və nəticədə bölgədə 5000 illik tarixə malik şəhər mədəniyyəti formalaşmışdır.
Daha sonra Naxçıvan ərazisində abidələrin öyrənilməsi tarixi haqqında məlumat verən tədqiqatçı qeyd edib ki, ilk dəfə Naxçıvanda arxeoloji qazıntılar XIX əsrdən başlayaraq aparılıb. O, ötən əsrin 50-ci illərindən sonra tədqiqat işlərinin genişləndirilməsini dinləyicilərin diqqətinə çatdıraraq bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə bu sahəyə diqqət daha da artırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 26 aprel 2001-ci il tarixli “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” və 6 dekabr 2005-ci il tarixli “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamlarını xüsusi vurğulayan tədqiqatçı bu sahəyə göstərilən dövlət qayğısından bəhs edib.
Açıq dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib.