BÖLMƏMİZİN ƏMƏKDAŞI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

Müasir beynəlxalq vəziyyət Türk xalqları arasında mədəni-iqtisadi əlaqələrin genişlənməsinə əlverişli zəmin yaratmışdır. Bu kontekstdə türk dünyası  dialekt və şivələrinin daha geniş miqyasda tədqiqi də günümüzün reallığına çevirilmiş, aktuallıq qazanmışdır. Belə ki son 20 ildə Türkiyə Cümhuriyyətinin ev sahibliyi və təşkilatçılığı ilə  indiyədək bir neçə dəfə dialektologiya ilə bağlı konfranslar keçirilmişdir. Bu beynəlxalq miqyaslı tədbirlərdən beşincisi bu il – 7-8 noyabr 2019-cu il tarixlərində Çuxurova universiteti və Türk Dil Qurumunun təşkilatçılığı ilə Türkiyənin Adana şəhərində keçirilib.

Konfransın açılışında universitetin rektoru Mustafa Kibar və Türk Dil Qurumunun sədri Gürer Gülsevin  çıxış edib qonaqları salamlamış, sonra bu sahənin iki qocaman tədqiqatçısı professor Efrasiyap Gemalmaz və Tuncer Gülensoya Türk Dil Qurumunun mükafatlarının təqdimat mərasimi keçirilmişdir.

70-ə yaxın məruzənin dinlənildiyi konfransda AMEA-nın müxbir üzvü, Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyev də iştirak etmiş, “Naxçıvan (Azərbaycan) və Qars (Türkiyə) şivələrində qarşılıqlı təsirin tədqiqi məsələləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Naxçıvanlı alimin çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

20191107_173142 (5)