BAYRAQ GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

IMG_2935 (6)
Dövlət Bayrağı Muzeyində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin təşkilatçılığı ilə “Üçrəngli bayrağımızın əbədi qayıdış günü” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, bayraq hər bir müstəqil dövlətin qürur mənbəyidir. Buna görədir ki, Azərbaycan Respublikası mövcud olduğu dövrdə öz dövlət bayrağını həmişə qorumuş, onun ən yüksək yerlərdə dalğalanmasına çalışmışdır. Ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dövlət atributlarımızla bağlı Sərəncamlarını vurğulayan akademik mübarizlik simvolu olan bayrağımız haqqında ətraflı məlumat verib.
Daha sonra AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Üçrəngli bayrağımızın əbədi qayıdış günü” adlı məruzə ilə çıxış edib. Bayraq sözünün mənşəyi, rənglərin, simvolların mənaları ilə bağlı mövcud olan bütün versiyalardan bəhs edən tədqiqatçı qeyd edib ki, beş minillik dövlətçilik tarixi olan Azərbaycanın hər bir dövlət qurumunun öz bayrağı olmuşdur. Zəngintarixə malik və dünyanın ən qədim insan məskənlərindən biri olan bu diyarın ilk dövlət qurumlarından başlayaraq sonrakı dövrlərdə dövlətçiliyimiz və dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəlmişdir.
Vurğulanıb ki, xalqımızın tarixində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyun ayının 21-də verilmiş, noyabrın 9-da isə Azərbaycanın üçrəngli bayrağı Dövlət Bayrağı kimi qəbul olunmuşdur.1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında əsl vətənpərvər və lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlərin müzakirə olunmasından, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilməsindən bəhs edən məruzəçi bildirib ki, ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamı dövlət atributlarının, o cümlədən bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidentinin milli dövlət atributlarımıza diqqətindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında”, 2014-cü il 17 noyabr tarixli “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” Sərəncamlarını nəzərə çatdıraraq bu sahəyə göstərilən dövlət qayğısından danışıb.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, professor Vəli Baxşəliyev çıxış edərək bayrağımızın statusunun möhkəmləndirilməsi ilə bağlı verilmiş bir sıra qərar və sərəncamlardan bəhs etmişdir. Vurğulanıb ki, bayrağımızın üzərindəki səkkizguşəli ulduz Azərbaycan xalqının qədim simvolu olub, mühüm dövlətçilik rəmzlərimizdəndir.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli Azərbaycan ədəbiyyatında bayrağımızın qüdrət və əzəmətinin vəsfi, bədii ifadə formaları haqqında nümunələr əsasında ətraflı məlumat verərək bildirib ki, 1920-ci il aprel işğalından sonra üçrəngli bayrağımız endirilsə də, istiqlal ruhlu şairlərin yaradıcılığında yaşadıldı, tərənnüm olundu. Heç bir qadağa, əsarət xalqımızın mübarizlik əzmini qıra bilmədi.
Sonda əməkdaşlar muzeyin ekspozisiyası ilə tanış olublar.
IMG_2927 IMG_2934