NAXÇIVAN ELMİ, ƏDƏBİ VƏ MƏDƏNİ MÜHİTİ: TƏDQİQLƏR kitabının təqdimatı keçirilib

AMEA Naxçıvan Bölməsində Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun hazırladığı “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” kitabının ikinci hissəsinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Naxçıvan Muxtar Respublikasında elmin inkişafına göstərilən dövlət qayğısı sayəsində artıq yeni bir elm sahəsi – naxçıvanşünaslıq elmi istiqaməti formalaşmışdır. Bu müddət ərzində elm adamları apardıqları əhatəli, sanballı və dəyərli tədqiqatları ilə naxçıvanşünaslığa mühüm töhfələr verməyə çalışmış, Naxçıvanın tarixi, arxeologiyası, etnoqtafiyası, mədəni mühiti, ədəbiyyatı, görkəmli şəxsiyyətləri və folkloru ilə bağlı tədqiqatlar aparmışlar. “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” adlı ikinci kitabı da Fərman Xəlilovun əhatəli elmi araşdırmalarının öz əksini tapdığı kitablardandır.
Daha sonra AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli məruzə ilə çıxış edib. 1925-1928-ci illərdə fəaliyyət göstərən Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin elmin inkişafında böyük xidmətlərindən kitabın birinci hissəsində ətraflı məlumat verildiyini vurğulayan məruzəçi qeyd edib ki, kitabın ikinci hissəsində isə müəllifin həmin Cəmiyyətin fəal üzvlərinə həsr etdiyi məqalələri yer almışdır.
Daha sonra çıxış edən Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov bildirib ki, Naxçıvanın elmi, ədəbi, mədəni mühitinin öyrənilməsinə öz sanballı töhfələrini verən alim bu kitabında da bir sıra araşdırmalarının nəticələrini oxuculara təqdim etmiş, Naxçıvanın elmi, mədəni, ədəbi mühitinin keçdiyi tarixə və inkişaf yoluna nəzər salmış, bu əsərlərin hər birində ciddi və olduqca maraqlı yeni məlumatlar vermişdir. Müxtəlif dövrlərə aid məqalələrin yer aldığı kitabda təkcə şair və yazıçıların, maarif və mədəniyyət xadimlərinin elmi fəaliyyəti haqqında deyil, həmçinin o dövrkü Naxçıvanda elmin inkişafı ilə bağlı fikir və mülahizələr yürütmüşdür. Naxçıvan Muxtar Respublikasının 95 illiyi ərəfəsində işıq üzü görən kitabda Naxçıvan teatrının tarixi, burada fəaliyyət göstərən aktyor və aktrisaların, həmçinin digər əməkdaşların xatirələrindən bəhs olunmuşdur.