“NAXÇIVAN ABİDƏLƏRİNDƏ YAŞAYAN QƏDİM TARİXİMİZ” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİLİB

AMEA Naxçıvan Bölməsinin Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyində Naxçıvan Dövlət Universitetinin Tarix ixtisasının II kurs tələbələrinə açıq dərs keçilib.
İlk öncə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli çıxış edərək bildirib ki, AMEA Naxçıvan Bölməsi fəaliyyətə başladığı vaxtdan daim muxtar respublikadakı ali təhsil müəssisələri ilə sıx əlaqədə olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamını diqqətə çatdıran F.Səfərli qeyd edib ki, bu sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq müvafiq ixtisaslar hamiliyə verilmiş və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda tələbələrin tədqiqatçılarla əməkdaşlıq etməsinə, onların təcrübə və fikirlərindən yararlanmasına hər cür şərait yaradılmışdır.
Naxçıvan abidələrində yaşayan tarix
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Naxçıvan abidələrində yaşayan qədim tariximiz” mövzusunda çıxış edib. Vurğulanıb ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın əlverişli təbii-coğrafi şəraiti qədim insanların burada məskunlaşması üçün xüsusi önəm daşımış və nəticədə bölgədə 5000 illik tarixə malik şəhər mədəniyyəti formalaşmışdır. Bu faktlar isə bölgədə aparılan arxeoloji qazıntıların nəticəsində öyrənilmişdir. XIX əsrin sonlarında təsadüf nəticəsində aşkarlanan Qızılburun yaşayış yeri Naxçıvan ərazisindəki arxeoloji ekspedisiyaların təməli olmuşdur. Xüsusilə, ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra bu sahəyə diqqət artırılmışdır. Göstərilən bu diqqət və qayğının nəticəsidir ki, ötən dövr ərzində Naxçıvan ərazisində çoxlu sayda arxeoloji ekspedisiyalar aparılmışdır. Hazırda AMEA Naxçıvan Bölməsinin Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyində sərgilənən eksponatlar məhz həmin arxeoloji qazıntılar nəticəsində aşkarlanmışdır.
Şərur rayonu ərazisində yerləşən Qazma yaşayış yerində aparılan tədqiqatları diqqətə çatdıran alim bildirib ki, əcdadlarımızın Naxçıvan ərazisində hələ qədim daş dövründən məskunlaşdığı sübut olunmuşdur. O, Ovçulartəpəsi, Maxta və Xələc yaşayış yerlərində aparılan tədqiqatlar zamanı aşkarlanan keramika numünələrinin xüsusiyyətlərini tələbələrə izah edərək qeyd edib ki, Naxçıvan təkcə Kür-Araz mədəniyyətinin deyil, həm də Boyalı Qablar mədəniyyətinin əsas mərkəzlərindən biri olmuşdur.
Dərs zamanı Naxçıvan Muxtar Respublikası ərazisində yerli və xarici tədqiqatçıların iştirakı ilə aparılan arxeoloji ekspedisiyalar nəticəsində tarix elminə gətirilmiş yeni elmi faktlar tələbələrin diqqətinə çatdırılıb. Toğrul Xəlilov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 26 aprel 2001-ci il tarixli “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” və 6 dekabr 2005-ci il tarixli “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamlarını xüsusi vurğulayaraq bu sahəyə göstərilən dövlət qayğısından bəhs edib.
Sonda muzeyin ekspozisiyasına baxış olub və tələbələri maraqlandıran suallar cavablandırılıb.