“NAXÇIVANIN MUXTARİYYƏTİ TARİXDƏ VƏ GÜNÜMÜZDƏ” RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” mövzusunda respublika elmi konfransı keçirilib. Konfrans Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na uyğun olaraq AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvanşünaslıq mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Naxçıvanın muxtariyyət statusu əldə etməsi və Naxçıvan Muxtar Respublikasının yaradılması 1918-1920-ci illərdə Naxçıvanda baş verən hərbi, ictimai-siyasi hadisələrin nəticəsində olmuşdur. XIX əsrdə ermənilərin Cənubi Qafqaza, xüsusilə, Qarabağ, Zəngəzur və İrəvana köçürülməsindən sonra ermənilər “Böyük Ermənistan” yaratmaq arzusuna düşmüş və 1918-ci il Batum sülh müqaviləsindən sonra Azərbaycanın qədim İrəvan ərazisində Ermənistan dövləti yaradılmışdır. Böyük kapitalist dövlətlərin himayədarlığı ilə ermənilər daim ərazilərini genişləndirməyə çalışmış, Naxçıvana qarşı ərazi iddiaları irəli sürmüşlər. 1921-ci ildə imzalanan Moskva müqaviləsi ilə Naxçıvana muxtariyyət statusu verilmiş, Qars müqaviləsi ilə bu status möhkəmləndirilmiş və 9 fevral 1924-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası elan olunmuşdur.
Daha sonra İsmayıl Hacıyev “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” adlı məruzə ilə çıxış edib. Ümummilli lider Heydər Əliyevin “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq” sözlərini xatırladan akademik qeyd edib ki, Naxçıvan özünün muxtariyyət statusu sayəsində hərtərəfli inkişafa nail olmuşdur. Bu hərtərəfli inkişaf ulu öndər Heydər Əliyevin, ölkə prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun göstərdiyi diqqət və qayğı sayəsində mümkün olmuşdur. Məruzədə Araz-Türk Respublikasının yaradılması və onun Naxçıvanın ərazi bütövlüyünün qorunub saxlanmasında oynadığı rol, Sovet Rusiyasının yürütdüyü ikili siyasət, Moskva və Qars müqavilələrinin imzalanması, Naxçıvana muxtariyyət statusunun verilməsilə bağlı ətraflı məlumat verilmişdir.
“Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafının prioritet istiqamətləri” mövzusunda məruzə ilə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev bildirib ki, ötən dövr ərzində inkişafın bütün sahələrində nailiyyət qazanan muxtar respublikamızda inkişafın əsas istiqamətlərindən biri də təhsilin inkişafı olmuşdur. Təhsilə göstərilən dövlət qayğısı, maddi-texniki bazanın gücləndirilməsi, yeni təlim texnologiyalarına uyğun kadr potensialının möhkəmləndirilməsi, məktəblərimizdə müasir innovativ layihələrin həyata keçirilməsi, informasiya-kommunikasiya texnologiyalarının təhsil müəssisələrində geniş surətdə tətbiqi, kitabxana fondlarının zənginləşdirilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamı gələcək nəsillərin maarifləndirilməsi, təhsili sahəsində atılan ən möhtəşəm addımlardır. Gələcək nəsillərin azərbaycançılıq ideologiyasına sadiq, vətənpərvər ruhda tərbiyə olunması təhsilimizin əsas qayəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamını diqqətə çatdıran Elbrus İsayev sərəncamın əhəmiyyətindən, ali və orta ixtisas təhsili müəssisələrində kadr hazırlığı məsələlərindən bəhs edib.
Sonra Naxçıvan Dövlət Universitetinin professoru, iqtisad üzrə elmlər doktoru Nazim Əhmədovun “90-cı illərin ortalarında ölkədə makro-iqtisadi sabitliyin əldə olunması və Naxçıvan sənayesində yeni inkişaf mərhələsinin başlanması” və Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor Akif İmanlının “Muxtariyyət tarixi fonunda elmi-pedaqoji düşüncələr” mövzusunda məruzələri dinlənilib. Məruzəçilər muxtariyyət dövründə Naxçıvan iqtisadiyyatı və onun inkişaf istiqamətləri, təlim-tərbiyə prosesində millət, vətən, xalq məfhumları, onların gənc nəslə öyrədilməsi, təbliği məsələləri ilə bağlı fikirlərini bölüşmüşlər.
Sonda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev “Türk qapısına gedən yol və Naxçıvanın muxtariyyət statusu” mövzusunda məruzə ilə çıxış edib. Mustafa Kamal Atatürkün “Naxçıvan türkün qapısıdır” fikrini diqqətə çatdıran alimin Naxçıvanın coğrafi mövqeyi, onun imperialist dövlətlərin geosiyasi maraqlarında yeri, ermənilərin Naxçıvanda törətdiyi qırğınlar və Naxçıvan əhalisinin onlara qarşı mübarizəsi ilə bağlı məruzəsi dinlənilib.
Qeyd edək ki, konfrans işini “Naxçıvanın muxtariyyət tarixi və arxeologiyası”, “Muxtariyyət dövründə elm və ədəbiyyat”, “Muxtariyyət dövründə sosial-iqtisadi və mədəni inkişaf” və “Muxtariyyət dövründə təhsilin inkişafı” mövzularında bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında Muxtariyyət illərində Naxçıvanda baş verən siyasi, sosial-iqtisadi proseslər, elmi, mədəni inkişaf və onun nəticələrinə həsr edilən məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
IMG_3032 (6)