TƏBİİ EHTİYATLAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI TÜRKİYƏ RESPUBLİKASINDA SƏFƏRDƏ OLUB

AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun dörd əməkdaşı – Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyev, institutun elmi-katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev, Fiziki tədqiqatlar laboratoriyasının müdiri, fizika üzrə fəlsəfə doktoru Məmməd Hüseynəliyev və baş elmi işçi, fizika üzrə fəlsəfə doktoru Məhbub Kazımov İğdır Universitetində olmuşlar. Səfərin məqsədi gələcəkdə birgə elmi tədqiqat işlərinin aparılması üçün universitetdə görülən işlər, orada olan avadanlıqlarla tanış olmaq və elmi əməkdaşlıq imkanlarını müəyyən etmək olmuşdur.
Əməkdaşlarımız ilk olaraq universitetin rektoru professor Mehmet Hakkı Alma ilə görüşmüşlər. Elmi tədqiqat işlərinə rəhbərlik edən məsul şəxslərin də iştirak etdiyi görüş əsnasında görülən işlər haqqında qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Sonra əməkdaşlarımız universiteti enerji ilə tam təmin edən günəş elektrik stansiyasında olmuş, stansiyanın işi ilə tanış olmuşlar. Bildirilib ki, 500 kilovatt gücündə olan həmin stansiya İğdır şəhərinin mərkəzi elektrik şəbəkəsi sisteminə qoşulmuşdur.
Daha sonra Universitetin Elmi Araşdırmalar Mərkəzində olan qonaqlar burada görülən işlər, istifadə olunan cihaz və avadanlıqlarla yaxından tanış olub. Tanışlıq zamanı əməkdaşlarımıza məlumat verilib ki, əsasən biokimyəvi və kənd təsərrüfatı məhsullarının analizi ilə məşğul olan mərkəz Agilent Technologies firmasının “200 Series AA” atom absorbsion spectrometri, “7820A GC System”, 7890A System”, qazoxromotoqrafları, “Gary 630 FTİR” infraqırmızı spektrometri, “Gary 60 UV-Vis” ultrabənövşəyi spektrometri, THERMO SCIENTIFIC firmasının “İC 5000 IYON XROMOTOQRAFISI” və “TRAGE GC Ultra” qazoxromotoqrafı kimi yüksək səviyyəli müasir cihaz və avadanlıqlarla təchiz olunmuşdur.
Səfərin sonunda İğdır Universiteti ilə AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutu arasında birgə əməkdaşlıq protokolunun imzalanması qərara alınmışdır.
IMG_20191113_144128 (1)