“SABAHIN TƏDQİQATÇILARI” LAYİHƏSİNİN TƏQDİMATI KEÇİRİLİB

Sabahn tədqiqatçıları
AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev təhsilə göstərilən dövlət qayğısından bəhs etmiş, “Sabahın tədqiqatçıları” layihəsini şagirdlərin elmə marağının artırılmasında olduqca əhəmiyyətli bir addım kimi qiymətləndirmişdir.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada təhsil infrastrukturu yenilənmiş, müasir tipli yeni məktəb binaları inşa edilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, yüksək tədris şəraiti yaradılmışdır. Bildirilib ki, istər ümumtəhsil məktəblərində, istərsə də ali təhsil müəssisələrində yaradılan şərait “Sabahın tədqiqatçıları” layihəsinin də tətbiqinə geniş imkan yaradır.
Təqdimatda Təhsil naziri layihənin əhəmiyyəti və layihə çərçivəsində görüləcək işlərdən danışıb. Nazir qeyd edib ki, layihənin əsas məqsədi ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir. AMEA Naxçıvan Bölməsi ilə birgə keçirilən layihə çərçivəsində bölmənin alimləri xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdləri elmi himayəyə götürəcək və onlarla birgə müəyyən edilmiş istiqamətlərdə fərdi və ya kollektiv şəkildə tədqiqatlar aparacaqlar. Həmin əməkdaşların rəhbərliyi ilə elmi-tədqiqat işlərinə maraq göstərən şagirdlər AMEA Naxçıvan Bölməsinin və ümumtəhsil məktəblərinin laboratoriyalarında tədqiqatlar aparacaq, məruzə, tezis, referat və hesabatlar hazırlayacaqlar. Onlarla müsabiqə və yarışlar, elmi-təcrübi konfrans və seminarlar keçiriləcəkdir. Həmçinin həmin elmi tədqiqatların nəticələrindən ibarət sərgilər təşkil olunacaq, elmi məruzələrlə çıxış edəcəklər. Bu yolla şagirdlərin tədqiqatçılıq bacarıqları inkişaf etdiriləcək, onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmələrində rol oynayacaq.
Daha sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyevin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərovun və laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın layihə ilə bağlı çıxışları dinlənilib.
Qeyd edək ki, layihənin uğurlu tətbiqi üçün Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəbləri pilot məktəblər olaraq müəyyənləşdirilib, layihədə iştirak edəcək 50 şagird 5 istiqamət – Azərbaycan dili, tarix, fizika, kimya və biologiya üzrə tədqiqatlar aparılacaqlar. Tədbirdən sonra şagirdlər hamiliyə götürüldüyü elm sahəsinə uyğun olaraq müvafiq institut və laboratoriyalarda olmuş, onların işi ilə yaxından tanış olmuşlar.