2019-CU İLİN YEKUNLARI MÜZAKİRƏ OLUNUB

Hesabat 2019
AMEA Naxçıvan Bölməsində 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilib.
Hesabatı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, 2019-cu ildə AMEA Naxçıvan Bölməsində bölmə əməkdaşlarının 18 monoqrafiyası, 8 kitabı, 1 kitabçası, 3 metodik vəsaiti, 549 elmi məqaləsi, 222 konfrans materialı, 7 tezisi olmaqla, 808 elmi əsəri çap olunub, 4 buklet və bir xəritə tərtib edilib. Sadalanan monoqrafiyalardan 4-ü, elmi məqalələrdən 73-ü, konfrans materiallarından 57-si, tezislərdən isə 1-i xaricdə nəşr olunub. Əsərlərə 287 istinad qeydə alınıb, “Naxçıvan Duzdağı” kitabı, “Nemətullah Naxçıvani: taleyi və sənəti” və “Ərtoğrol Cavid: taleyi və sənəti” məqalələr topluları çap edilib, “Naxçıvan tarixi mənbələrdə” kitabı isə çapa təqdim olunub.
Hesabat ili ərzində AMEA Naxçıvan Bölməsi ilə Türkiyə Cümhuriyyətinin İğdır Universiteti arasında elmi əlaqələrə dair memorandum, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ilə Şimali Makedoniya Respublikasının “Vision” Universiteti arasında əməkdaşlıq protokolu imzalanmışdır.
Sonra bölmənin Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov bölmənin hesabat ilindəki fəaliyyəti barədə məruzə ilə çıxış edib. O bildirib ki, 2019-cu ildə bölmədən seçilən 2 akademik və 7 müxbir üzvün il ərzində 136 əsəri, o cümlədən 6 monoqrafiyası, 1 kitabçası, 91 elmi məqaləsi, 38 konfrans materialı çapdan çıxıb. 2019-cu ildə bölmə üzrə 2 respublika səviyyəli qrant layihəsinin icrası başa çatmış, 2-si beynəlxalq və 1-i respublika səviyyəli olmaqla, 3 qrant layihəsinin icrası isə hazırda davam etdirilir.
Vurğulanıb ki, cari il ərzində bölmənin gənc əməkdaşları elmi-tədqiqat işi aparmaqla yanaşı, 13 beynəlxalq, 10 respublika, 4 muxtar respublika, 7 oxunması zəruri olan kitabın müzakirəsində, 5 kitab və monoqrafiyanın təqdimatında məruzə ilə çıxış etmişlər.
İl ərzində bölmənin müasir komputer və texnologiya avadanlıqları ilə təchizatı yaxşılaşdırılmış, maddi-texniki bazası gücləndirilmişdir. Bölmənin kitabxanasında 15 yeni kartoteka yaradılmış, 331 kitabın elektron variantı hazırlanmış, bunlardan 118-i internetdə, 213-ü isə kitabxananın daxili şəbəkəsində yerləşdirilmişdir. Tarixi və əlamətdar günlərlə bağlı 18 sərgi təşkil olunmuş, il ərzində oxucuların sayında artım müşahidə edilmişdir.
Məruzədə bildirilib ki, hesabat dövründə akademik İsmayıl Hacıyev “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının üzvü təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” kitabına görə Naxçıvan Muxtar Respublika mükafatına layiq görülmüş, AXC-nin 100 illiyi ilə əlaqədar Türkiyə Cümhuriyyətinin buraxdığı yubiley medalı ilə təltif edilmişdir. Akademik İsmayıl Hacıyev və müxbir üzv Əbülfəz Quliyev Türkiyə Elmlər Akademiyası və Qırğızıstan İssık-Kul Dövlət Universiteti tərəfindən “Manas”ın mirasçıları: Türk dünyası mədəniyyətinə xidmət” mükafatlarına layiq görülmüş, akademiklər İsmayıl Hacıyev, Tariyel Talıbov və müxbir üzv Vəli Baxşəliyev AXC-nin 100 illik yubiley medalı ilə təltif olunmuşlar. AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli Bölmənin və Naxçıvan Müəllimlər İnstitutunun Fəxri Fərmanları ilə təltif olunmuşdur. Kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilmişdir. Hesabat dövründə Bölmənin 8 əməkdaşı bir çox elmi qurumlara, jurnal redaksiyalarına heyətinə üzv seçilmiş, müsabiqələrdə mükafatlandırılmışlar.
Daha sonra Naxçıvan Bölməsi Rəyasət Heyətinin üzvləri, professorlar Əbülfəz Quliyev, Fəxrəddin Səfərli, Tofiq Əliyev hesabatla ilə bağlı çıxış ediblər.
Sonda AMEA Naxçıvan Bölməsinin əməkdaşları – Bioresurslar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Mahir Məhərrəmov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova il ərzində göstərdikləri məhsuldar fəaliyyətlərinə görə Bölməmizin təsis etdiyi “İlin alimi” fəxri diplomu ilə təltif ediliblər.
İlin alimi
İlin alimi 1